"1987-1991-ci illərdə qaçqınlığa məruz qalan soydaşlarımızın dəqiq siyahısını yekunlaşdırmaq üzrəyik" - Əziz Ələkbərli

 16:45 10.07.2023     1186

Bildiyimiz kimi, artıq Qərbi Azərbaycan İcmasının rayonlar üzrə şöbələri yaradılır. Sonuncu dəfə Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının növbəti yığıncağı keçirilib. İclasda ​Amasiya rayon icmasının strukturu və İdarə Heyəti formalaşdırılıb, rayonun 22 kəndi üzrə icra nümayəndələri və müavinlər seçilib.

Maraqlıdır, Qərbi Azərbaycan İcmasının rayon şöbələrinin yaradılmasının əhəmiyəti nədir?  Bütün rayonlar üzlər şöbələr yaradılacaqmı?

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Redaktor.az-a danışdı.

İcma sədri dedi ki, bütün rayonlar üzrə Qərbi Azərbaycan İcmasının şöbələri yaradılacaq.

“Qərbi Azərbaycan İcmasının strukturu belədir ki, onun Qərbi Azərbaycanın bütün rayonları və kəndləri üzrə icmaları və Azərbaycan Respublikasının Qərbi Azərbaycan əsilli insanları yaşayan bütün rayonları üzrə nümayəndəlikləri fəaliyyət göstərəcək. Bu da ona görədir ki, son 200 ildə tarixi torpaqlarından deportasiya olunan, soyqırımına, etnik təmizləməyə məruz qalan insanlarımız, demək olar ki, Azərbaycanın bütün rayonlarında məskunlaşmışlar. Onların hər biri ilə tək-tək əlaqə saxlamaq, ailələrin tarixi faciələrini qeydiyyata almaq və s. başqa cür mümkün deyil. Biz artıq Qərbi Azərbaycanın rayonlar və kəndlər üzrə icmalarımızı formalaşdırıb qurtarmışıq. 1987-1991-ci illərdə qaçqınlığa məruz qalan soydaşlarımızın dəqiq siyahısını yekunlaşdırmaq üzrəyik. Azərbaycan Respublikasının rayonlarında nümayəndəliklərimizin yaradılmasını isə artıq 52 rayon üzrə təyin etmişik. Hazırda o rayonlarda icmamızın ofislərinin açılması prosesi gedir. Biz bu işə Naftalan şəhərindən və Goranboy rayonundan başladıq. Bu, həmin bölgədə məskunlaşmış insanlarımız tərəfindən çox böyük sevinc və coşqu ilə qarşılandı. İnsanlarımız öz ata-baba yurdlarına qayıtmaq həsrəti ilə yaşayırlar. Qərbi Azərbaycan İcmasının yaranmasını, cənab Prezidentin öz ad günündə icmanın binasına gəlib tarixi torpaqlarımıza qayıdışın anonsunu verməsi insanlarımızda ata-baba yurdlarına qayıdacaqlarına böyük bir inam yaradıb. Artıq bu inamın geriyə dönüşü yoxdur, biz mütləq doğma ocaqlarımıza qayıtmalıyıq", - deyə Əziz Ələkbərli bildirdi.

Humay İSGƏNDƏRLİ