Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü

 20:37 10.07.2023     382

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş zamanı tərəflər arasında dünyada və regionda baş verən siyasi məsələlər müzakirə edilib.

QMİ sədri xatırladıb ki, bu yaxınlarda Papa Fransisk İsveçdə Quranın yandırılması kimi mənfur hadisəni iyrənc hal kimi dəyərləndirib.

“Etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvətidir. Biz bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini Azərbaycan xalqının Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirdik.

Bu gün məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir.

Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrı-seçkilik qoymadan bərpa edir, yenidən qurur. Lakin təəssüflər olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir.

Təəssüf doğuran haldır ki, erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə iftira kampaniyaları aparır, hətta dini platformadan – Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır.

Uzun illər ərzində erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin təhriki ilə Ümumdünya Kilsələr Şurası Azərbaycan əleyhinə qərarlar verir.

Biz dünyanın aparıcı, nüfuzlu dini mərkəzi olan Vatikanın bu məsələyə münasibətdə ədalətli mövqe, qətiyyətli yanaşma sərgiləyəcəyinə ümidvarıq”, - QMİ sədri vurğulayıb.