"Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu addımı biabırçılıqdır" - Deputat

 11:49 11.07.2023     794

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi aşkar olunub.

Odur ki, zəruri istintaq tədbirləri həyata keçirilənə qədər BQXK-ya məxsus avtomobillərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.

BQXK kimi bir təşkilatın ermənilərin əlində qaçaqmalçılıq üçün alətə çevrilməsi Azərbaycan ictimaiyyətində hiddətlə qarşılanır. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, Ermənistanda, Xankəndidə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi öz fəaliyyətində kifayət qədər şübhələr yaradırdı.

“Hətta bizim qəhrəman, igid övladlarımızın, eko-fəalların aksiaysı zamanı onlar şübhəli adamları ilə yadda qalmışdı. Hətta Ruben Vardanyanı da hansısa formada İrəvana keçirdə bilmişdilər. Müxtəlif formada öz funksiyalarından kənar və beynəlxalq qanunlarla, Azərbaycanın milli qanunları ilə ziddiyyət təşkil edən addımlar atırdılar. Bu məlumatlar məhdud da olsa mətbuata sızırdı. Bunu üzə çıxaran hüquq-mühafizə orqanlarının peşəkarlığıdır. Bu, beynəlxalq səviyyədə Qırmızı Xaç Komitəsinin nüfuzuna zərbə kimi dəyərləndirilir. Bundan sonra onların fəaliyyəti barədə artıq kifayət qədər suallar var. Yəni bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinin imicinə çox böyük ləkədir və biabırçılıqdır", - deyə millət vəkili vurğuladı.

Humay İSGƏNDƏRLİ