"Ermənipərəst ola bilərlər, amma Azərbaycan qanunlarına hörmət etməlidirlər" - Deputatdan BQXK-ya ETİRAZ

 12:12 11.07.2023     498

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu istiqamətdə addımları varsa, bunlar aşkar olunubsa, sənədləşdirilib beynəlxalq təşkilata təqdim olunmalıdır. Onlar humanitar fəaliyyətlə deyil, qaçaqmalçılıqla məşğuldurlar və ciddi şəkildə Azərbaycan qanunlarını pozurlar”.

Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan ərazisində qaçaqmalçılıqla məşğul olması haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa dedi.

Onun fikrincə, bütün hallarda BQXK-nin bu addımı ictimailəşməlidir və beynəlxalq ictimaiyyətə də çatdırılmalıdır:

"Çünki bu qurumun belə bir səlahiyyəti yoxdur və belə addımın atılması da açığı düşündürücüdür. Yəni buna yol vermək olmaz. Bütün hallarda bu məsələdə Azərbaycan dövlətinin mövqeyi haqlıdır. Həmin Beynəlxalq Qırmızı Xaç Komitəsini təmsil edən maşınların ciddi şəkildə yoxlanması və onların hər hansı bir funksiyasından kənara çıxan fəaliyyəti təsbit edilib. Onlara qarşı müəyyən məhdudiyyətlərin qoyulması mümkündür. Çünki onlar konkret bir missiya yerinə yetirən təşkilat olduğuna görə, o nümayəndələr bu missiyadan kənara çıxa bilməzlər. Ermənipərəst ola bilərlər, simpatiya bəsləyə bilərlər, amma bütün hallarda Azərbaycan qanunlarına hörmət etməlidirlər. Əks halda onlar Azərbaycan ərazisində belə sərbəst fəaliyyət göstərmək imkanından məhrum edilməlidir”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi aşkar olunub.

Zəruri istintaq tədbirləri həyata keçirilənə qədər BQXK-ya məxsus avtomobillərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.

Humay İSGƏNDƏRLİ