"İlham Əliyev əhalinin mövqeyini müdafiə etdi" - Vahid Əhmədovdan AÇIQLAMA

 12:55 12.07.2023     730

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirib.

Müşavirədə bir sıra vacıb məsələlərə toxunulub. Onlardan biri də Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrdir.

Prezident deyib ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

“Bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur”,-deyə prezident çıxışında vurğulayıb.

Prezidentin çıxışı ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a danışdı.

Millət vəkili söylədi ki, dövlət başçısı bu məsələyə çox böyük diqqət yetirdi:

“Mən prezidentə minnətdarlığımı bildirirəm. Çünki Söyüdlü hadisəsi doğrudan da faktlarla araşdırılmamışdı. Baxmayaraq ki, cənab prezidentin müəyyən göstərişi olmuşdu, komissiya yaradılmışdı, amma dəqiq qərarlar çıxarılmamışdı. İndi bir həftə vaxt verdi ki, bu məsələlər öz həlli tapsın və müzakirə olunsun. Bu cür hadisələrə vaxtında baxmaq lazımdır. Belə hadisələri nazirlər, Azərbaycan hökumətinin üzvləri, Nazirlər Kabineti vaxtında araşdırıb üzə çıxarmalıdır ki, problem yaranmasın. O cümlədən rayona rəhbər edən şəxslər bilməlidirlər ki, belə bir problem var və rayon rəhbərliyi səviyyəsində həll edilə bilmirsə, mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər. Cənab prezident dəqiq qiymət verdi, faktiki olaraq əhalinin mövqeyini müdafiə etdi".

Vahid Əhmədov prezidentin polis sistemi ilə əlaqədar mövqeyinə də toxundu.

"Doğrudan da polislər çox ağır şəraitdə işləyirlər. Mən bunun şahidiyəm, həm istidə, həm də həm soyuqda onlar bizi qoruyurlar. Cənab prezident Amerikadan, Avropadan, Fransadan misallar gətirdi. Yəni polislərin əsas məqsədi Azərbaycanda asayişi və əhalini qorumaqdır. Onun öhdəsindən də gəlirlər, elə bir ciddi problem yoxdur. Yəni onlarla da ehtiyatlı olmaq, ehtiyatlı davranmaq lazımdır ki, onlar da bizim vətəndaşlarımızdır. Mən hesab edirəm ki, dünənki müşavirədə çox məsələlərə toxundu. Amma əsasən diqqət çəkən məqam Gədəbəy məsələsi idi, bu məsələyə cənab prezident aydınlıq gətirdi", - deyə o, qeyd etdi.

Humay İSGƏNDƏRLİ