AJN Qərbi Azərbaycana həsr olunmuş sənədli filmin istehsalına başlayır - FOTO

 17:01 12.07.2023     375

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) Qərbi Azərbaycanlıların dogma torpaqlarına qayıdışına həsr olunmuş “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsinin icrasına başlayıb.

Bunu Redaktor.az-a təşkilatın sədri Ayaz Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsi üçün bu mövzuya aid yüksək keyfiyyətli sənədli film hazırlamaqdır. Eyni zamanda, sənədli film vasitəsilə bu sahədə maarifləndirmə işini daha da irəliyə aparmaq, beynəlxalq ictimaiyyətin bu sahədə məlumatlılıq səviyyəsini artırmaqdır.

A.Mirzəyev qeyd edib ki, filmin çəkilişləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçiriləcək.

AJN sədri artıq filmin yaradıcı heyətinin ilk görüşünün keçirildiyini deyib.

Görüşdə hazırlanacaq sənədli filmlə bağlı zəruri detallar müzakirə edildi və atılacaq növbəti addımlar müəyyənləşdirildi. “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasına töhfə verilməsi üçün bu sahədə maarifləndirici silsilə və kompleks fəaliyyətlərin həyata keçirilməsi çox önəmlidir. Bu vacib missiyada da AJN komandası öz məxsusi rolunu oynamaq istəyir", - deyə o, bildirib.

Qeyd edək ki, sənədli filmin bu ilin noyabr ayınadək 2 dildə hazırlanması və geniş ictimaiyyətə təqdimatı planlaşdırılır.

Həmidə İBRAHİMLİ

222