TƏBİB-dən ayağı amputasiya edilən jurnalistin şikayəti ilə bağlı AÇIQLAMA

 18:50 12.07.2023     433

Jurnalist Səbuhi Məmmədov uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 15 nömrəli Şəhər Poliklinikasında dispanser qeydiyyatındadır.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, Səbuhi Məmmədov dövlət proqramı ilə Respublika Klinik Xəstəxanasında həftədə 3 dəfə olmaqla dializ olunur.

"29.09.2022-ci il tarixində M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində sağ baldırın yuxarı 1/3-də amputasiya aparılıb. Əməliyyatdan uzun müddət sonra - 11.05.2023-cü il tarixində poliklinikaya müraciət edib.

Əlilliyin qiymətləndirilməsi üçün tələb olunan bütün zəruri sənədlər 25.05.2023-cü il tarixində hazırlanıb və 10 nömrəli Şəhər Poliklinikasına müvafiq göndəriş verilib.

Əlilliyin təyin olunması məqsədi ilə ona “Forma-88” tərtib edilib və Tibbi-Sosial Ekspertiza Komissiyasının alt sisteminə göndərilib.

Xatırladaq ki, tanınmış jurnalist Səbuhi Məmmədovun səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub.

S.Məmmədov müxtəlif vaxtlarda Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinələrdən keçib və zəruri müalicə prosedurları alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb", - deyə TƏBİB sözçüsü qeyd edib.

Xatırladaq ki, Səbuhi Məmmədov mətbuata açıqlamasında Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən 15 saylı poliklinikadan şikayət edib.

"Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər", - deyə tanınmış jurnalist şikayətlənib.

Həmidə İBRAHİMLİ