"Sianid kimi ziyanlı maddələr ağacları, otlaqları qurudur və şorlaşma yaradır" - Komitə sədri

 17:41 13.07.2023     501

Qeyd edək ki, bir müddət öncə Söyüdlü kəndində sakinlərlə polis arasında qarşıdurma yaşanmışdı. Buna səbəb yerli əhalinin orada qızıl çıxartma ilə məşğul olan “Azerbaijan İnternational Mining Company” şirkətinin ikinci süni göl tikintisinə mane olması olub. Onlar birinci gölün suyu zəhərli olduğu üçün təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər. Həmçinin iddialara görə, qızıl çıxartma şirkətinin yaratdığı bu süni göl Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılmasına, uşaqların əlil doğulmasına səbəb olub. 

İyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verənlərə münasibət bildirib və Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ciddi iradlarını bildirib. Dövlət başçısı Söyüdlü hadisələri ilə bağlı danışarkən bildirib ki, təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır.

Bəs, Söyüdlüdəki gölə tökülən sianid maddəsinin kənd təsərrüfatına, əkin sahələrinə nə kimi təsiri ola bilər?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev həm qeyd olunan gölün kənd təsərrüfatına təsiri, həm də dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlərlə bağlı Redaktor.az-a danışdı.

Deputat bildirdi ki, hər bir ziyanlı maddə kimi sianidin də kənd təsərrüfatına ziyanı var.

“Torpaqların korlaşmasına, atmosferə ziyanlı təsiri çoxdur. O cür zəhərli maddədən istifadə etmək olmaz. Kənd təsərrüfatında o məhsullar, maddələr istifadə olunmalıdır ki, o, kənd təsərrüfatının inkişafına xidmət etsin. Məsələn, Kalsium, Flor, Maqnezium və digər kübrələr var ki, bunlar bilavasitə kənd təsərrüfatı üçün yararlıdır. Sianid kimi ziyanlı maddələr isə sözsüz ki, ağacları qurudur, otlaqları qurudur və şorlaşma yaradır. Həmin ərazidə də quraqlıq olduğu üçün kənd təsərrüfatına ciddi ziyan dəyir. Meyvə bağlarına, əkin sahələrinə zərəri müşahidə edirik. Digər tərəfdən də həmin otlaq sahədə mal-qara olursa, birbaşa zəhərli maddələr onlara da ötürülür. Çox təhlükəli bir hal idi ki, cənab Prezident onu dönə-dönə xatırlatdı və bunu ekoloji terror adlandırırlar. Bütün dünyada bu yolverilməyən haldır. Nəinki adı çəkilən maddə, eləcə də digər tullantılar varsa, bu, nəinki heyvan orqanizmi üçün ziyanlıdır, bütün insanlar üçün çox ziyanlıdır. Çünki elə maddələr var ki, onların ömrü 10 illərlə, hətta 100 illərlə davam edir. 80-ci illərin ortalarında Çernobılda baş verən hadisə bu gün də öz təsirini göstərir. Həmin hadisə baş verəndən bir neçə ay sonra bəzi rayonlarda meyvə-tərəvəzdə müəyyən qurumalar oldu. Bundan sonra da müəyyən fəsadlar baş verdi. Həm bu gün üçün ziyanlıdır, həm də gələcəyimiz üçün çox ziyanlıdır. Ona görə o maddələr mütləq müəyyən texnoloji əsaslarla ya basdırılmalıdır, ya da məhv edilməlidir”, - deyə Tahir Rzayev vurğuladı.

Humay İSGƏNDƏRLİ