"Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına haqlı iradlarını bildirdi" - Tahir Rzayev

 17:55 13.07.2023     407

Xəbər vediyimiz kimi, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Söyüdlü hadisələri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini sərt şəkildə tənqid etdi. Dövlət başçısının tənqidindən sonra sosial şəbəkə istifadəçiləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin istefaya getməli olduğunu bildirirlər.

Bəs, sözügedən nazirin istefası mümkün ola bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Redaktor.az-la fikirlərini bölüşüb.

Deputat vurğuladı ki, bunlar dövlət başçısının səlahiyyətidir:

“Cənab Prezident həm insanlara böyük qayğı və diqqət göstərir, həm onlara etimad göstərir, həm də yeri gələndə, nöqsanı olanlara nöqsanını deyir. Bu bir rəhbərə xas olan yüksək keyfiyyətlərdir. Cənab Prezident bizim hörmətli nazirlərimizi mükafatlandırır, onları tərifləyir, yeri gələndə onlara məsləhətlərini verir, qayğı göstərdiyi kimi də, tələbkarlığını edir. Bu o demək deyil ki, o nazir məhv olmalıdır, ya o nazir cəmiyyətin gözündən düşməlidir. Hər birimiz haqqında ölkə prezidenti öz fikrini deyə bilər. Əgər bizə etimad göstəribsə, müəyyən vəzifə tapşırıbsa, o vəzifəni istənilən səviyyədə yerinə yetirə bilmiriksə, hörmətli prezidentimizin vəzifəsidir ki, bizə düzgün yol göstərsin, istiqamət versin, nöqsanlarımızı desin. Həmin nöqsanlardan biz nəticə çıxarmalıyıq. Ona görə də orada deyilənlər ölkənin xeyri, ekologiyanın qorunması, insanların sağlamlığı, həyat şəraitinin yaxşılaşması üçündür. Prezident bu halların hamısını görür və dəqiq qiymətləndirir. Məhz bu baxımdan da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına haqlı iradlarını bildirdi və dedi ki, mütləq nəticə çıxarılmalıdır. Çox ciddi iradlarını bildirdi, tənqidi qeydlərini göstərdi. Sözsüz, bu nəticə çıxarmaq və problemi aradan qaldırmaq üçündür”.

Humay İSGƏNDƏRLİ