Ekspertlər Söyüdlüdəki süni gölün ekologiyaya mənfi təsirindən danışdılar

 15:40 14.07.2023     3291

Bir müddət öncə Gədəbəy rayonun Söyüdlü kəndində qızıl yataqları ilə bağlı problem yarandı. Kənd əhalisi orada salınmış süni gölün ekologiyaya, kənd təsərrüfatına və insanların sağlamlığına ziyan dəydiyini bildirirdilər. 

Bir neçə gün əvvəl isə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Söyüdlü hadisələrini geniş müzakirə etdi.

"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi", - deyə Prezident çıxışında vurğulayıb.

Ötən gün isə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin ikinci iclası keçirilib.

Baş nazir Əli Əsədov Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib.

Bəs, süni gölün təbiətə, ekologiyaya hansı ziyanlı tərəfləri var? Bu zərərin aradan qalxması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov Redaktor.az-a danışdı.

Sədrin sözlərinə görə, süni göl əslində ətraf mühitə zərəri o vaxt olur ki, süni göl funksiyasını düzgün yerinə yetirmir:

“Həmin süni göl 10-12 il bundan əvvəl, yəni şirkət burada işə başlayandan yaradılıb. Onların dediyinə görə gölün altına membran qatı çəkilib. Amma illər keçdikcə o membran qatının özündə dəlik əmələ gələ bilər. Onun nəticəsində risk ola bilər ki, ordakı zəhərli maddələr membrandan gölün dibindəki torpağa sızsın. Sonra süni göldəki təhlükəli maddələrin o torpaqdan da yeraltı sulara və ətraf ərazidəki torpaqlara təsiri ola bilər. Bunun üçün o göllə bağlı mütəmadi olaraq ekspertiza aparılmalıdır. Nəzarət olunmalıdır ki, o gölə buraxılan tullantı suyu həqiqətən də gölün dibinə sızmır və gölün ətrafındakı ərazilərə hər hansı bir zərərli təsiri olmur. Zərər olarsa, o artıq çirklənmiş torpaqların rekultivasiyası deyilən bir fəaliyyətdir. Məsələn, Abşeron yarımadasında 10 illiklərlə neft çıxarılıb, onun nəticəsində neftin tullantı lay suyu quruda var idi. Məsələn, SOCAR orda bir sadə təmizləmə yolu etdi, torpağın üst qatını götürür, başqa yerdən torpaq gətirir, ora doldurur, oranı yaxşılaşdırır. Artıq bir neçə ildən sonra oralarda artıq yaşıllıq ərazi olur və torpaq münbit olur. Əgər dərində çirklənmə olsa, bu artıq burda fərqli metodlar ilə təmizlənmə olur. Onun üçün indi yeni texnologiyalar var və yaxud da müəyyən bitki növləri var ki, onları əkirsən, onlar zərərli maddələri özünə hopdura bilir. Sonra bitkiləri torpaqdan ayırırıq və zərərli maddələri də atmış oluruq. Bitkilər təmizləyir, yenidən o torpaq qatını yeniləyirsən. Yəni əgər təsdiq olunsa ki, həmin göl olan ərazidə də torpağa artıq kimyəvi maddə təsir edib, onu rekultivasiya və təmizləmə üsulu ilə yeniləmək mümkündür”.

A.Məmmədov qeyd etdi ki, yay vaxtı buxarlanma olarsa, atmosferə ziyan dəyə bilər.

“Məsələn, kimyəvi maddələrin bəziləri üzdə ola bilər və hava ilə reaksiyaya girsə ifraz etdiyi müəyyən zəhərli elementlər havaya da təsir edəcək. Orada nəsə müəyyən bir kimyəvi elementlərin qoxusu yarana bilər. O qoxu kəndə tərəf istiqamətlənsə, insanların nəfəs yollarına təsir edə bilər. Yəni insan sağlamlığına bu cür təhlükələri ola bilər".

Coğrafiyaşünas alim Ənvər Əliyev isə bildirdi ki, yataqların işlənilməsində normal seçim olmalıydı.

“Hətta şaxta üsulu da olmalı idi. Çünki təbiətə milyon tonlarla süxur tökülür. Bu qazıtnılar üçün iki cür üsul olur. Biri var şaxta üsulu ilə almanlar kimi yatağa şaxtayla girirsən, onun içindəki qızıllı layı çıxardırsan emal edirsən, tullantını atırsan. Bu ən yaxşı metodur, dünyada buna şaxta üsulu deyirlər. Biri də var açılış üsulu deyirlər. Yatağı açırsan üstdəki açılış torpağından milyon tonlarla tullantı çıxır. Dəfərlərlə demişəm bu açılış süxurları Azərbaycanın ən məhsuldar torpaqlarını məhv edib. Açılış süxuru olduğu üçün torpağı tutub. Düzdür, torpaq indi qorxulu deyil, bir-birinin üstünə toplanır. Amma o ki, qızılı tapıb, qızıllı torpağı yuyursan, o çox təhlükəlidir. Yuyulan suyun axıb getməməsi üçün hamar membran döşənir. Qızılın təmizlənməsi məsələsi problem yaradır. Sonra təmiz alınmış qızıl ki var, vanna üsulu ilə onu sianid ilə işləyirlər. 90%-ə qədər orada qızıl aralanır, sonra aparırlar İsveçrəyə təmizlənir. O ki, qızılın torpaqdan sianid vasitəsilə ayrılması var, çox kəskin bir iy yaranır və nəfəs orqanları ilə o zəhəri udmağa məhkumsan. İndi o qızılın yuyulduğu göl dolub. O daşsa, partlasa bu fəlakət olar. Zərərin qarşısını ala bilmərik”, - deyə alim bunun ekologiyaya çox mənfi təsir verə biləcəyini vurğuladı.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.

2