"İlin sonuna kimi çox ciddi dəyişikliklərin şahidi olacağıq” - Deputat Qərbi Azərbaycana qayıdışdan DANIŞDI

 15:36 17.07.2023     749

Xəbər verdiyimiz kimi, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirilib.

Görüşdə bir sıra məsələlərə toxunulub. Onlarda biri də Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsidir.

Qeyd edək ki, indiki Ermənistan ərazisindən deportasiya edilmiş Azərbaycan türklərinin doğma yurdlarına qaytarılması məsələsi ilk dəfədir ki, sülh danışıqlarında müzakirə olunur.

Mövzu ilə bağlı əslən Qərbi Azərbaycandan olan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri  Musa (Urud) Quliyev Redaktor.az-a danışdı.

Deputat söylədi ki, Brüssel görüşləri, Soçi görüşləri həmişə Azərbaycan tərəfinin diktəsi ilə keçirilib:

Onun sözlərinə görə, bu görüşlərdə Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində müzakirələr aparılıb:

"Bu da onu göstərir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, ədalətə və regionda sülhün, əməkdaşlığın bərpa olunmasına uyğun gələn bir mövqedir. İstər Şarl Mişelin iştirakı ilə olan görüşlər, istərsə də digər görüşlərdə Azərbaycan tərəfinin bütün təklifləri dəstəklənib. İlk dəfə olaraq rəsmi şəkildə ictimaiyyətə də açıqlandı ki, Azərbaycan Prezidenti tərəfindən Qərbi Azərbaycandan vaxtilə deportasiya olunmuş soydaşlarımızın məskunlaşması məsələsi qaldırılıbdır. Məsələ, artıq Brüssel görüşlərinin protokoluna salınıb və məsələnin ciddiliyi rəsmilər tərəfindən də qəbul olunur. Əlbəttə, bundan öncə də cənab prezident öz ad günündə Qərbi Azərbaycan İcmasının binasında icma üzvləri ilə görüşündə də söyləmişdi ki, biz oraya sülh yolu ilə qayıtmağı qarşıya məqsəd qoymuşuq. Bu da oradan deportasiya olunmuş insanların və onların ailə üzvlərinin, nəsillərinin təbii haqqıdır".

Komitə sədri hesab edir ki, sonuncu Brüssel görüşündə belə bir məsələnin müzakirəsi Qərbi azərbaycanlıların doğma torpaqlara qayıdışının reallaşması istiqamətində çox ciddi bir addımdır.

"İnanıram ki, bu məsələ artıq prioritet təşkil edəcək. Əgər Azərbaycan ərazisində ermənilər kompakt şəkildə yaşayırsa, Ermənistan ərazisində də azərbaycanlılar kompakt şəkildə yaşamalıdır. Bu məlumatın getməsi artıq Qərbi Azərbaycan İcmasının üzvlərinin böyük sevincinə səbəb olub və hər kəs ümidlidir ki, öz ata-baba yurdlarına qayıtmaq, orada yaşamaq imkanı əldə olunacaq. Biz buna inanırıq, çünki cənab prezident indiyə kimi hansı sözü deyibsə, o söz icra olunub. Yəqin bu ilin sonuna kimi çox ciddi müqavilələrin imzalanmasının və dəyişikliklərin şahidi olacağıq”, - deyə Musa Quliyev bildirdi.

Humay İSGƏNDƏRLİ