Payız əkin mövsümü hazırlıqlarına başlanılıb

 16:13 17.07.2023     358

Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində hazırlıq işlərinə başlanılıb.

Redaktor.az-ın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində aqrotexniki qaydalara uyğun olaraq xidmət, suvarma və dərmanlama işləri aparılır, əkin materiallarına üzvi və mineral gübrələr verilir, payız mövsümündə meşəbərpa tədbirlərinin keçiriləcəyi ərazilərdə torpaq hazırlığı işləri görülür.

“Tinglik sahələrində payız mövsümünədək 5 milyon fıstıq, vələs, cökə, ağcaqayın, dəmirağacı, qarağac, çinar, göyrüş, qoz, şabald, şam, sərv və digər ağac tinginin yetişdirilməsi nəzərdə tutulub”.

C.Qəribov onu da qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən tinglərdən 1,5 milyonu payız mövsümündə meşəbərpa tədbirlərində istifadə olunacaq.