"Bunu israrla Xankəndidə yaşayan ermənilərə qəbul etdirməliyik" - Deputatdan AÇIQLAMA

 14:19 18.07.2023     417

Ötən gün xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edib.

Görüşdə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb.

Eyni zamanda, Ceyhun Bayramov Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırıb.

Maraqlıdır, bu yoldan istifadə həyata keçiriləcəkmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a danışdı.

Millət vəkili bildirdi ki, bu çox doğru bir gedişdir:

“Azərbaycanın xarici işlər naziri bu istiqamətdə təşəbbüsü üzərinə götürüb. Rusiya ilə münasibətlər zəminində, həm də erməni məsələsində Rusiyanın tutduğu mövqeyinin bir daha korrektə olunmasını tələb edib. Bu, diplomatik üslubda, nəzakətli qaydada Rusiyanın addımlarının Azərbaycan tərəfindən bəyənilmədiyini göstərən və bu addımların dəyişməsinin vacibliyini vurğulayan bir yanaşmadır. Mən bunu təqdir edirəm və hesab edirəm ki, bu kursu davam etməliyik. Çünki biz israrla Xankəndidə yaşayan ermənilərə bütün kommunikasiya xətlərinin Azərbaycan üzərindən keçdiyini qəbul etdirməliyik. Bizim ərazimizdə olan bütün prosesləri Azərbaycanın diktə edəcəyini vurğulamalıyıq. Mənə elə gəlir ki, Rusiyada bu məsələdə israrçı ola bilməz. Çünki Rusiyanın bizim indiki münasibətlərimizi korlamağa maraqlı görünəcəyini düşünmürəm. Hər halda, bu məsələ ətrafında bir daha bütün diplomatik vasitələrdən istifadə etməyə çalışmalıyıq ki, narahatçılıqları, nigarançılıqları çözə bilək. Çünki bizim indiki məqamda Rusiya ilə vəziyyəti kəskinləşdirmək marağımıza uyğun deyil. Amma Rusiyanın ermənipərəst mövqeyinə güzəştli yanaşmaqla da özümüzün əldə etdiyimiz nəticələri müəyyən dərəcədə zəiflədə bilərik”, - deyə Fazil Mustafa vurğuladı.

Humay İSGƏNDƏRLİ