Azərbaycanda alim vəfat etdi

 14:49 19.07.2023     376

Tanınmış geomorfoloq alim, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev ömrünün 74-cü ilində vəfat edib.

İnstitutdan Redaktor.az-a verilən xəbərə görə, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu il-də Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu «Sənaye və mülki tikinti» ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə qəbul olub və 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirib. 1974–1975-ci illərdə Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçib və hərbi xidmətdə olub.

1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olub, 1988-ci ildə «Kiçik Qafqazın çay dərələrinin inkişaf tarixi və formalaşma xüsusiyyətləri» mövzusunda dissertasiya işini müdafiə edərək geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

1968-ci ildən etibarən Coğrafiya İnstitutunun «Geomorfologiya» şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən başlayaraq Geomorfologiya və təbii risklər şöbəsinə rəhbərlik edib.

Gənc elmi kadrların hazırlanmasında fəal iştirak edib. 1990-cı ildən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin «Geodeziya və kartoqrafiya» kafedrasında xüsusi kurslar üzrə dərslər aparıb.

Çoxsaylı elmi hesabatların, müxtəlif məzmunlu xəritələrin, eləcə də Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 60-dan artıq məqalənin müəllifidir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapıb.