Cərimələrin artması qəzaların sayını azaltmayacaq - Ekspert: "Mənəvi cəzalar tətbiq edilməlidir"

 16:02 19.07.2023     743

Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.

Dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin miqdarının artırılmasından əlavə məcəlləyə yeni-333.1.1-ci (narkotikin təsiri altında avtomobil idarə edilməsi) maddəsi əlavə edilib.

Maraqlıdır, cərimələrin artırılması yol qəzalarının artmasına səbəb olacaqmı? Bunu müşahidə edəcəyikmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, cərimələrin artması yol hərəkəti təhlükəsizliyinin tam formada təmin edilməsinə şərait yaratmır:

“Çünki artıq cəmiyyətimizdə elə tip insanlar formalaşır ki, onların davranışlarına baxanda düşünürsən ki, bunlara cərimə yox, başqa ağır cəzalar, mənəvi cəzalar tətbiq etmək lazımdır. Çünki elə insanlar formalaşıb ki, onlara irad bildiriləndə açıq şəkildə deyir ki, “pulum var, əcəb edirəm qayda pozuram”. Belə insanın pulu çoxdursa, ona uyğun davranmaq lazımdır. Yox, əgər bu üsul əl vermirsə, o zaman onun sağlamlığı məsələsi gündəmə gəlməlidir. Çünki bu adamın sağlıq durumu normal deyil. İnkişaf etmiş ölkələrdə belə insanlara psixi xəstə kimi baxırlar. Yəni bu adamın ağlı yerində deyil. Əgər puluna güvənib, deyirsə ki, “mənim pulum var, qayda pozuram”, bu, ağlı yerində olan adamın düşüncəsi deyil. Çünki pul hər dəfə insanı xilas etmir. Bu cür "başı boş" insanlara görə ölkəmizin adı beynəlxalq səviyyədə pis yerlərdə çəkilir ki, yəni, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi qorunmur, risklidir və tez-tez qəzalar baş verir. Qeyri-sağlam düşüncədə olan insanlara görə digərləri də qəzalarda ölür, xəsarət alır, əlil olur. Ona görə düşünürəm ki, başqa formatda mübarizə üsullarına baş vurmaq lazımdır. Araşdırmaq lazımdır ki, başqa ölkələrdə nə kimi cəzalar tətbiq olunur ki, bu insanlar özlərini yığışdırsınlar, xətalar törətməsinlər. Yaxud da xəta törədəndə düşünsünlər ki, pulla hər dəfə məsələ həll olunmur. İndi cərimənin artması bir qismə təsir göstərəcək. Amma "pulum var, edirəm" deyən üçün 100 manatla 150 manatın elə bir böyük fərqi yoxdur. Belələri yenə də qaydaları pozmaqda davam edəcəklər. Bu baxımdan düşünürəm ki, maddi cəzalarla yanaşı, gələcəkdə mənəvi cəzalara da baş vurmaq lazımdır”.

Humay İSGƏNDƏRLİ