"Çaylarda sululuğun səviyyəsində nisbətən azalma müşahidə olunacaq" - Asif Verdiyev

 17:48 19.07.2023     761

İyulun 17-də ölkə ərazisində yenidən yağıntılı hava şəraiti hökm sürdü. Bəzi rayonlarda bir neçə gündür ki, yağış yağmaqdadır.

Maraqlıdır, yağıntılı hava Kür çayına necə təsir edib? Sululuğun səviyəsində fərq müşahidə olunubmu?

Mövzu ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Redaktor.az-a danışdı.

Hidroloq söylədi ki, iyul ayının 17-də ümumiyyətlə, ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində əksər çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda da suyun səviyyəsində artım müşahidə olunub:

“Bununla əlaqədar Kürün aşağı hissələrində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Səviyyənin artması Kürün aşağı hissələrində Neftçala rayonunda, Salyan rayonunda öz təsirini artıq göstərməkdədir və bu artım yaxın günlər ərzində də belə davam edəcək. Bu il ümumiyyətlə yağıntıların miqdarı may, iyun aylarında normadan çox olub. Bu da çayların sululuğuna öz təsirini göstərib. Daşqın, sel hadisələrinin də bu il çox olması çayların sululuğuna təsir edib".

Asif Verdiyev qeyd edib ki, yaxın günlər ərzində nisbətən hava şəraiti yağmursuz və isti keçəcəyinə görə çaylarda sululuğun səviyyəsində nisbətən azalma müşahidə olunacaq.

Humay İSGƏNDƏRLİ