"Jurnalist binaları"nın sakinləri təhlükədə - SƏBƏB - FOTO

 16:17 24.07.2023     2324

Ölkədə başlıca problemlərdən biri də yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən qəzalardır.

Bu qəzaların daha çox baş verdiyi yollardan biri də Bakının Səbail rayonu ərazisindəki Yeni Salyan yolu 22 ünvanıdır. Həmin ərazidə yerləşən "Jurnalist binaları"nın sakinlərinin redaksiyamıza müraciətinə görə, ərazidə tez-tez qayda pozuntuları olur ki, bunlar hətta dəfələrlə piyadaların vurulması ilə nəticələnib. Qeyd olunur ki, hazırda yolda sürət həddi 60 km/saat nəzərdə tutulmasına baxmayaraq, bir çox sürücülər buna məhəl qoymur və bəzən 100 km/saat və daha çox sürətlə avtomobil idarə edirlər. Hətta işıqforun qırmızı işığında keçən sürücülər də az deyil. Həmçinin qoşa xətti keçərək yolun əks istiqamətində hərəkət edən sürücülərə də rast gəlinir. Bütün bunlar isə ciddi qəza şəraiti yaradır. Üstəlik Bibiheybət məscidi istiqamətindən paytaxtın mərkəzinə doğru gələn avtomobillərin Yeni Salyan yolu 22-dən qaydalara zidd olaraq geri dönüş etməsi də dəfələrlə qəzalara səbəb olub. Bütün bunlar isə yolu keçmək istəyən piyadalar üçün olduqca təhlükəlidir. Bu yol eləcə də binadan yola çıxmaq istəyən avtomobillərə də təhlükə yaradır. Təsadüfi deyil ki, binanın həyətindən işıqforun yaşıl işığında həmin yola çıxan bir neçə avtomibil qırmızı işıqda hərəkət edən avtomobil tərəfindən vurulub.

Sakinlər hesab edirlər ki, əgər ərazidəki işıqforun yanında müşahidə kameraları və radar quraşdırılarsa, təbii ki, sürücülər Azərbaycansayağı həmin radara və müşahidə kameralarına çatdıqda sürəti azaldar və qəza halları da baş verməz. Bina sakinləri bildirir ki, dəfələrlə Daxili İşlər Nazirliyin 102 xidmətinə, Dövlət Yol Polisinə ərazidə baş verən qəzalar və onların piyadalar üçün təhlükəsi barədə məlumatlar verilməsinə, ərazidə radar və müşahidə kamerası qoyulmasını xahiş etmələrinə baxmayaraq, bir neçə ildir ki, onların bu xahiş və tələblərinə baxan yoxdur.

Bəs, həmin əraziyə nə üçün müşahidə kamerası və radar quraşdırılmır?

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli Redaktor.az-a danışdı.

Baş inspektor həmin problemldən xəbərdar olduğunu dedi:

“Ora radar da qoydurmuşuq. İşıqfor qoyulub, piyada keçidi çəkilib. Həmin yol Səbail rayonunun inzibati xidmət ərazisidir. Məlum məsələlərə görə yolun başına və ayağına müşahidə kameraları qoyulub. Ərazidə sürücü intizamsızlığı var, piyada və sürücülər səhvə yol verir. Səbail rayon Dövlət Yol Polis Şöbəsinin də təlimatı var. Günün müəyyən saatlarında profilaktika həyata keçirirlər. Biz oranı nəzarətsiz qoymamışıq, necə lazımdır nəzarət olunur. Kamera müşahidəsi ilə də qayda pozanlarla bağlı elektron formada protokollar tətbiq olunur. Həmin o narahatçılıq bildirən adamlara bildiririk ki, heç biri gözdən kənarda qalmır, narahat olmasınlar. Yolun üzərində kameralar var, həm də şəhərin cənub tərəfinin giriş qapısıdır, ola bilməz ki, o yolda kamera olmasın”.

Qeyd edək ki, Araz Əsgərlinin bu açıqlamasından sonra əməkdaşımız Yeni Salyan yolu 22 ünvanında olub və oradakı işıqforun yanında radar və müşahidə kamerasına rast gəlməyib. Ərazidə olan sakinlər bir daha təsdiq ediblər ki, bu yolda avtomobillərin həddindən artıq sürətlə hərəkəti, işıqforun qırmızı işığına məhəl qoyulmaması, qoşa xəttin tapdanması, geriyə dönüş piyadalar üçün hər an təhlükədir. Hətta bildirildi ki, bir müddət öncə yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq "Jurnalist binaları"nın həyətinə aşıb. Bütün bu cür hadisələrə görə sakinlər bir daha Daxili İşlər Nazirliyindən xahiş ediblər ki, məhz Yeni Salyan yolu 22 ünvanındakı işıqforun yanında radar və müşahidə kamerası quraşdırılsın.

Humay İSGƏNDƏRLİ

222222222