Qarabağdakı ermənilər Ağdam-Xankəndi yolundan niyə imtina edir? - Deputatdan AÇIQLAMA

 18:29 20.07.2023     850

Xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün əvvəl bildirdi ki, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə mümkündür. Yəni, erməni sakinlər üçün Laçın yolundan başqa, Ağdam-Xankəndi yolu ilə humanitar yüklər daşına bilər.

Amma ermənilər buna etiraz edirlər, hətta həmin yolu bağlamağa cəhd ediblər.

Maraqlıdır, onların bu addımının başlıca səbəbi nədir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Redaktor.az-a danışdı.

Deputat söylədi ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin daşıdığı yüklər arasında son vaxtlar müxtəlif qaçaqmalçılıq faktları aşkarlandığı üçün məhz həmin yolda yoxlamalar daha gücləndirilib.

“Məlum olduğu kimi, orada humanitar yardım adı ilə müxtəlif qanunazidd hərəkətlərin olduğu bir daha görünüb. Buna görə də onun qarşısını almaq məqsədilə yoxlamalar daha da güclənib, lakin alternativ olaraq Azərbaycan tərəfi bütün humanist addımları ataraq humanitar yük üçün Bərdədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin rolu ilə daşınmaların təşkil edilməsini, eyni zamanda Ağdam-Xankəndi yolu ilə məhz yüklərin daşınmasını təklif edib. Təbii ki, sülhməramlı qüvvələrin məhz təyyarələr vasitəsilə guya humanitar yüklərin daşınması ilə bağlı müxtəlif məlumatlar yayılır. Burada əsas məram, məqsəd odur ki, bütün dünyaya car çəksinlər ki, Azərbaycan məhz humanitar yüklərin qarşısını alır. Lakin bu, absurd bir məsələdir. İstər xəstələrlə bağlı, istər humanitar daşımalarla bağlı, istərsə də yüklərlə bağlı birmənalı şəkildə məhz Azərbaycan tərəfi daim onlara dəstək olub. Sadəcə olaraq, məhz orada olan erməni separatçıları ciddi cəhdlə çalışırlar ki, orada yaşayan erməni icmasına bu və ya digər vasitə ilə təsir etsinlər. Onlar öz siyasi məqsədlərini güdürlər. Çox təəssüf ki, burada onların havadarları çox ciddi rol oynayır. Yəni məlumdur ki, Ağdam-Xankəndi yolu ilə istənilən yükün daşınması mümkündür. Lakin necə ola bilər ki, özləri-özlərini məhz blokadada saxlamağa çalışırlar? Deməli, bunların əsas məramı, məqsədi siyasi məqsəddir və dünyaya car çəkmək istəyirlər ki, Azərbaycan tərəfi onları blokadada saxlayır. Başqa məqsədləri yoxdur”, - deyə A.Nağıyev bildirdi.

Humay İSGƏNDƏRLİ