"Jurnalist saxta məlumat yayarsa, cəmiyyətdə çaşqınlıq yaradar" - Pərvanə İbrahimova

 19:08 20.07.2023     695

"Media savadlılığı Medianın İnkişafı Agentliyinin prioritetlərindəndir".

Redaktor.az xəbər verir ki, bunu Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfransda çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) əməkdaşı Pərvanə İbrahimova bildirib.

Xarici təcrübədən söz açan Agentlik nümayəndəsi qeyd edib ki, Finlandiyada, İsveçdə, Niderlandda, Böyük Britaniyada media ilə əlaqəli qurumlar, sistematik olaraq media savadlılığı ilə bağlı müxtəlif irimiqyaslı tədbirlər təşkil edir, tədris materialları hazırlayır. Onun sözlərinə görə, həmin ölkələrdə təlimatlar məktəb kurikulumlarına daxil edilib, gənclərə, valideynlərə və pedaqoqlara mediadan təhlükəsiz və məsuliyyətlə istifadə etməyə kömək edən şəbəkələr, portallar, “Onlayn Media Savadlılığı Strategiyası” hazırlanıb. 

2020-ci ildən Təhsil Nazirliyinin SABAH qruplarında - BDU-nun Fizika, Kimya, Biologiya,Ttarix, Psixologiya ixtisaslarında, paralel olaraq BDU-nun jurnalistika fakültəsində media savadlılığı fənninin seçmə fənn kimi tədrisinə başlanıldığını deyən P.İbrahimova bildirdi ki, orta məktəblədə media savadlılığı tədrisi istiqamətində müvafiq qurumlarla müzakirələr aparılmaqdadır.

"Çünki bu, həm də orta məktəblərdə tədris olunmalıdır. Yeniyetmə media alətlərində aldığı informasiyanın mahiyyətini dərk etməli, özünü zərərli məlumat axınından qorumalıdır", - deyə o, vurğulayıb.

MEDİA əməkdaşı bildirib ki, media savadlılığı mənbəyindən asılı olmayaraq bütün məlumatları tənqid edən, oxuduqlarını başa düşən, yaxşı ilə pisi seçməyi ayırd edən bir nəsil yetişdirməkdir.

"Media savadlılığı məsələsində jurnalistin məsuliyyəti həm də ona görə çoxdur ki, o, birbaşa informasiya ötürücüsüdür, cəmiyyəti əsasən o, məlumatlandırır, bu baxımdan jurnalistin bu istiqamətdə rolu heç kim və heç nə ilə müqayisə oluna bilməz. O, cəmiyyətə təsir gücünü nəzərə alıb ancaq fakta əsaslanmalıdır, saxta, təsdiqlənməmiş məlumat yayarsa, cəmiyyətdə çaşqınlıq yaradar. Belə deyim var, “doğru ayaqqabılarını bağlayana qədər, yanlış bilgi dünyanı gəzib gəlir”. Biz həmişə doğru yazaq, doğru deyək, çünki bunu bizim peşəmiz tələb edir", - deyə P.İbrahimova əlavə edib.

Həmidə İBRAHİMLİ