Konservləşdirilmiş qidalardan gündəlik istifadə təhlükəlidir - Ekspert: "Ölümə, xərçəngə, iflicə qədər gətirib çıxara bilər"

 12:58 27.07.2023     1180

Bəzi qidalarda olduğu kimi konserv məhsullarının da zərərləri nəticəsində zəhərlənmə halları baş verir. Bu zaman ən təhlükəli məqam isə botulizm infeksiyasının qeydə alınmasıdır. Həmin xəstəliyi formalaşdıran infeksiyalar konserv məhsulları, ev və zavod şəraitində hazırlanan turşular, mürəbbə və kompotlarda yaranır, insan orqanizminə ötürülür. 

Konserv məhsullarının daha geniş zərərləri haqqında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Redaktor.az-a danışdı.

Mütəxəssis söylədi ki, umumiyyətlə, konservləşdirilmiş qidalar müharibə dövründə dənizçilər üçün uzun müddət qala bilən və insanların təzə qidalara əlçatanlığı olmadığı üçün yaradılıb:

“Bu da təxminən 18-ci əsrə dayanır. Bütün yaş kateqoriyaları bu məhsuldan istifadə edə bilər. Ancaq uşaqların qidalanmasına gəldikdə, yaxşı olar ki, uşaqlara daha çox təzə qidalar, canlı qidalar və eyni zamanda da yeni hazırlanmış qida məhsullarından hazırlanan yeməklər verilməlidir. Əslində meyvə əzməsi kimi qidaları konservləşdirilmiş şəkildə istifadə etməkdənsə, yenisini istifadə etmək daha faydalı hesab olunur. Lakin konservləşdirilmiş qidaların da bir çox faydalı tərəfi var. Çünki konservləşdirilmiş qidalarda zülal dəyəri, yağ dəyəri olduğu kimi qalır. Eyni zamanda yağ tərkibli, yağda həll olan vitaminlər var ki, - A, D, E, K vitaminləri - konservləşdirilmiş məhsullarda bu vitaminlər bol miqdarda olur. Hətta təzə qidadan daha çox. Bəzi hallarda müəyyən insanlar konservləşdirilmiş məhsullardan çox istifadə edirsə, adını çəkdiyimiz vitaminlərin çatışmazlığı az olur. Lakin suda həll olan C vitamini, B qrup vitaminləri demək olar ki, konservləşdirilmiş məhsullarda olmur. Xüsusilə də uşaqların inkişaf dövründə C və B qrup vitaminlərin önəmi çox vacibdir. Əgər həmin dövrdə uşaqlar bu cür qidalansa vitaminlərin çatışmazlığı baş verə bilər".

M.Hüseynovanın sözlərinə görə, digər bir məqam isə konservləşdirilmiş qidaların gündəlik istifadə üçün nəzərdə tutulmamasıdır.

“Xüsusilə 25 yaşa qədər olan insanlarda gün ərzində 40-dan 70-ə qədər makro və mikroelementlər lazım olduğu üçün onlar keyfiyyətli və təzə qidalardan istifadə etməlidir. Mütləq şəkildə konservləşdirilmiş qidanı alarkən əsas diqqət edəcəyimiz məqam, etiket qaydaları və marka məlumatlılığının tam şəkildə olmasıdır. İstehsalçı şirkətin adı, son istifadə tarixi ilə birlikdə istehsal olunma tarixi, məhsulun içindəki tərkibi tam şəkildə qeyd olunmalıdır. Eyni zamanda saxlama şəraiti də göstərilməlidir və mütləq şəkildə açıldıqdan sonra saxlanılmasına diqqət etməliyik. Bu ən önəmli məsələlərdən biridir, çünki müəyyən konservləşdirilmiş məhsullar var ki, bunlar açıldıqdan sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır. Bəzən insanlar bu qaydalara əməl etmədiyi üçün tərkibindəki dəyişikliklərə görə zəhərlənmə baş verə bilər. Konservləşdirilmiş məhsulların qablaşmasında içəri qatda “BisfenolA” maddəsi var ki, bu da birmənalı şəkildə xərçəng yaradan bir maddədir ki, ona görə konservləşdirilmiş qidalardan gündəlik qida kimi istifadə etməməyimiz tövsiyə olunur. Yekunda əsas diqqət edəcəyimiz məqam alarkən qabının tamlığının pozulmaması, üstündəki məlumatların tam olması, əgər dəmir qutudursa qabarmaması lazımdır. Evdə hazırlanan konservləşdirilmiş məhsuldursa, həm sanitar gigiyena normalarına, həm qablaşmaya, həm də hazırlanma qaydalarına əməl olunubsa, bu məhsullardan istifadə oluna bilər. Əks halda konservdən zəhərlənmə ölümə qədər, bəzi hallarda iflicə qədər də gətirib çıxarda bilər”, - deyə mütəxəssis qeyd etdi.

Humay İSGƏNDƏRLİ