Deputat Cəbrayıla qayıdışdan danışdı: "Burada detallı məsələlər həddindən artıq çoxdur"

 14:23 27.07.2023     1153

Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə "Böyük Qayıdış" prosesi gedir. Bütün bunlar üçün, təbii ki, həmin ərazilərdə quruculuq işləri aparılır.

Ötən gün isə azad olunmuş rayonlarımızdan biri olan Cəbrayılın baş planı təsdiq edilib.

Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən millət vəkili Ceyhun Məmmədov Cəbrayıla qayıdışla bağlı Redaktor.az-ın suallarını cavablandırdı.

- Ceyhun müəllim, ilk olaraq bilmək istərdik ki, Cəbrayıla qayıdışla bağlı xüsusi bir tarix varmı?

- 2021-ci ildə cənab Prezidentin iştirakı ilə, eləcə də rayon ziyalılarının, ictimaiyyətin iştirakı ilə təməlqoyma həyata keçirildi və bir sır məsələlərin həlli istiqamətində addımlar atılır. Bir müddət bundan əvvəl də cənab prezident Cəbrayıla getdi, Cəbrayılda bir neçə kəndin təməlini qoydu. İşimizi ən çox uzadan məsələ, mina məsələsidir, bir də baş planların hazırlanması məsələsi idi ki, artıq baş planlar hazırdır. Mətbuatda məlum olduğu kimi baş nazir Əli Əsədov da baş planı təsdiqlədi. Baş planla bağlı yeni müvafiq addımların atılmasına başlanılıb. Artıq bəzi kəndlərin inşaatına, Cəbrayılın mərkəzində binaların tikintisinə başlanılıb. Düşünürəm ki, iki-üç il müddətində insanların qayıdışına başlanılacaq. Proseslərin də son günlər sürətlə getdiyini görürük. Qayıdış zaman aparan bir məsələdir, ona görə də insanlarımızın bu məsələdə səbrli, təmkinli olması lazımdır. Düşünürəm ki, qeyd etdiyim müddətdə qayıdış prosesinə başlanılacaq. Cəbrayılın özündə hazırda hüquq mühafizə orqanları, tibb sahəsi, sərhəd xidməti fəaliyyət göstərir. Amma digər məsələlərlə bağlı işlər gedir.

- Qeyd etdiyiniz kimi, hazırda Cəbrayılın mərkəzində binaların tikintisinə başlanılıb. Bəs rayon mərkəzində başqa hansı işlər görürlür?

- 2021-ci ildə cənab prezidentin təməlini qoyduğu məktəb sürətlə inşa olunur. Rayon mərkəzində xəstəxana inşa olunur, Zəfər muzeyi istiqamətində addımlar atılır. Günəş enerjisi əsasında fəaliyyət göstərəcək elektrik stansiyası ilə bağlı BP ilə danışıqlar aparılır, artıq müəyyən razılıq var. Cəbrayılın özündə artıq “Araz Vadisi İqtisadi Zonası” yaradılıb, burada bir sıra istehsal müəssisələri yaradılır. Yəni proseslər sürətlə gedir. Yaxın vaxtlarda digər işlərin də həyata keçiriləcəyini görəcəyik. Proses uzundur, bir gün içində həll olunası məsələlər deyil. Bəzən insanlarımız köçlə, məşğullaqla bağlı tələsir, amma burada detallı məsələlər həddindən artıq çoxdur. Ona görə də bunu biz nəzərə almalıyıq.

- Bəs əhalinin məşğulluğu istiqamətində hansı addımlar atılır?

- Hər bir rayonda əhalinin məskunlaşması ilə bağlı ən mühüm məsələlərdən biri əhalinin işlə təminatı məsələsidir. Bir az bundan əvvəl mən qeyd etdiyim kimi “Araz Vadisi İqtisadi Zonası” böyük bir regionu əhatə edəcək iqtisadi zonadır. İş təminatı ilə bağlı dövlətin konkret planları var. Çünki buradakı bizim insanlarımızın böyük əksəriyyəti hardasa işləyirdi, ora qayıdarkən onların işlə təmin olunması da bu gün dövlətin bilavasitə diqqətindədir.

- Ceyhun müəllim, bilirik ki, Cəbrayıl da daxil olmaqla azad olunmuş bölgələrimiz əkinçilik və meyvəçilik üçün çox əlverişlidir. Bu istiqamətdə hansısa addımlar atılırmı?

- Cəbrayılda işğala qədər əkinçilik, kənd təsərrüfatı geniş yayılmışdı. Əlbəttə, sənaye müəssisələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı, əkinçilik, heyvandarlıq, üzümçülük, pambıqçılıq kimi məsələlər də nəzərdə saxlanılır. İşğaldan azad olunandan sonra Cəbrayılda böyük bir əkin işlərinə başlanılıb. Artıq əkin işlərinin də sürətlə həyata keçirildiyini görürük.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"” mövzusunda dərc olunub.

2