“Xaçaturyanın saxlanılması beynəlxalq hüquqa uyğun bir hərəkətdir" - Politoloq

 14:57 31.07.2023     422

Son günlər İrəvan Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsi ilə bağlı təxribat xarakterli bəyanatlar verir, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya humanitar böhranla üzləşdiyi barədə yalan məlumatlar yayırlar.  

Təbii ki, Ermənistanın şərti sərhəddə şou göstərməsi hər kəsə aydındır. 

Bəs, Azərbaycan bu şouya cavab olaraq nə etməlidir? Biz də Naxçıvana humanitar yardım üçün Zəngəzur dəhlizindən keçid tələb edə bilərikmi?

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Redaktor.az-a danışdı.

Politoloq bildirdi ki, Naxçıvanla bağlı vəziyyət tamamilə fərqlidir:

“Naxçıvan təkcə Ermənistanla yox, həm də Türkiyə və İranla həmsərhəddir. İrandan Naxçıvana gedən yollar açıqdır, bu yollar 30 ildir ki, fəaliyyət göstərir. Bu yaxınlarda İranla Azərbaycan arasında əlavə yolun çəkilməsi barədə razılaşma əldə edilib. Naxçıvan "Dağlıq Qarabağ" qədər təcrid olunmayıb. Odur ki, heç bir müqayisə mümkün deyil”.

Z.Əlizadə Xocalıda əli azərbaycanlıların qanına batmış hərbi cinayətkar Vaqif Xaçaturyanın Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılması barədə də fikirlərini bildirdi.

“Onun saxlanılması beynəlxalq hüquqa uyğun bir hərəkətdir. Çoxdandır İnterpol tərəfindən axtarışa verilmişdi, buraxılış məntəqəsi sayəsində saxlanıldı. Azərbaycanda hansısa tibb mərkəzində müalicə alır və sağalandan sonra yəqin ki, məhkəmə qarşısına çıxarılacaq”,-deyə politoloq söylədi.

Qeyd edək ki, ermənilər soyqırım cinayəti işlətmiş Xaçaturyanın azadlığa buraxılması ilə bağlı da hay-həşir salırlar.

Humay İSGƏNDƏRLİ