"Növbələrini gözləyirlər, Azərbaycan əsgəri gələcək və bir-bir hamısı cəzalarına çatacaq" - Elman Məmmədov

 18:49 31.07.2023     909

“Ermənistanın hərbi caniyə, dinc əhaliyə soyqırım törətmiş birinə bu qədər canfəşanlıq etməsi onu göstərir ki, Ermənistan və onun səsinə səs verənlər də cinayətkardır”.

Bu sözləri Laçın sərhəd-keçid məntəqəsinin Qarabağdakı hərbi cinayətkarların saxlanılması üçün əhəmiyyəti, cinayətkarın saxlanılmasına qarşı düşmən ölkənin və onları dəstkləyən xarici qüvvələrin bəyanatları haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov söylədi.

Onun sözlərinə görə, Ermənistan dövlətinin siyasəti bütövlükdə cinayət üstə qurulub:

“Kim də Ermənistanı bu məsələlərdə müdafiə edirsə, onlar da cinayətkardırlar. Yəni cinayətkarı müdafiə edən də elə cinayətkardır. Bu, məntiqdir. O ki, qaldı cinayətkarın məsələsinə, o hərbi canidir qatildir, terrorçudur. Vaqif Xaçaturyan Azərbaycanın keçmiş Əsgəran, indiki Xocalı rayonunun Badara kənd sakinidir. Onun cinayətlərinin şahidlərinin xeyli hissəsi bu gün sağdır. Vaqif Xaçaturyan təkcə, Meşəlidə yox, onun rəhbərlik etdiyi cinayətkar quldur dəstəsi Xocalı soyqırımının törədilməsində də iştirak ediblər. Bir çox azərbaycanlı yaşayış məntəqələrində qırğınlar törədilməsində həmin Vaqif Xaçaturyan özünün quldur dəstəsi ilə iştirak edib. O ətrafda olan Azərbaycan kəndlərinə hücumların hamısında, bütün hərbi əməliyyatlarda onun cinayətləri var. Hələ 90-cı illərin əvvəlindən şahidlərin ifadəsi ilə, əsirlikdən gələn insanların ifadəsi ilə Azərbaycanın hüquq-mühafizə orqanlarında onun haqqında kifayət qədər faktlar var. Həmin şahidlərin xeyli hissəsi bu gün yaşayır. Yəqin ki, onun üzərində qurulacaq məhkəmə prosesində də yenə şahidlik edəcəklər, onun üzünə qarşı törətdiyi cinayətləri bir-bir deyəcəklər. Laçın sərhəd-keçid məntəqəmizin yaradıldığı gündən ermənilər və onların havadarları niyə belə çox təşvişə düşüblər? Bax, bu məsələlərə görə. Məsuliyyətdən, cəzadan qaçmaq istəyənlər oradan keçəndə yoxlanılırlar, saxlanılır və layiqli cəzalarına çatacaqlar. İndi bunun həbsindən sonra Xocalı qatillərindən biri Samvel Babayan deyir ki, neçə yüz nəfər olan siyahıda mənim də adım var. Artıq özləri etiraf edirlər ki, neçə yüz nəfər var ki, bu soyqırımları, kütləvi qırğınları, dinc insanlara qarşı törədiblər. Növbələrini gözləyirlər, Azərbaycan əsgəri gələcək və bir-bir hamısı cəzalarına çatacaqdır”.

Qedy edək ki, ötən həftənin şənbə günü Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə 1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri - Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.

Humay İSGƏNDƏRLİ