"İlham Əliyevin ən yüksək səviyyədə bunu dilə gətirməsi, BQXK-ya xəbərdarlıqdır" - Deputat

 15:26 02.08.2023     787

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib.

Dövlət başçısı müsahibəsində bir neçə mövzuya toxunub və vurğulayıb ki, bu günə kimi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir.

"Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”, - deyə prezident bildirib.

Ölkə başçısının bu çıxışı ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev Redaktor.az-a danışdı.

Deputat söylədi ki, cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması baxımından İkinci Qarabağ müharibəsindən üzü bəri baş verənlərə bir növ aydınlıq gətirilib:

“Eyni zamanda, müsahibədə ayrı-ayrı dövlətlərin, yaxud qurumların oynadıqları rolların qiymətləndirilməsi də əksini tapıb. Öncə mən onu deyim ki, Azərbaycan prezidentinin vasitəçilik edənlərə və yaxud da ki, belə bir təşəbbüsdə olduqlarını sərgiləliyənlərə yanaşmada çox dəqiq qiymətləndirilməsi var. Doğrudan da bizim üçün kimin burada vasitəçilik edəcəyi, önə çıxacağı önəmli deyil. Bizim üçün önəmli olan tezliklə nəticənin əldə edilməsidir. Aydın görürük ki, Avropa Birliyinin, Fransanın formalaşdırdığı və mülki missiya adı altında fəaliyyət göstərən təmsilçiləri - hərbçilər, eyni zamanda kəşfiyyatçılar öz davranışları ilə bir sıra hallarda Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentindən heç də fərqlənmirlər. Ona görə də bizim üçün doğrudan da fərqi yoxdur ki, danışıqlar hansı platformada keçirilir. Bizim üçün önəmli olan Azərbaycanın irəli sürdüyü sülh təklifinin daha tez nəticəsinin əldə edilməsinə kim çalışacaqsa, həmin vasitəçiliyə də üstünlük veriləcək və verilməlidir".

Sahib Alıyev vurğuladı ki, bir sıra hallarda beynəlxalq qurumlar da, Ermənistanın özü kimi böyük dövlətlərin əlində geosiyasi alətə çevrilirlər.

“Onların üzərində təsiri olan ayrı-ayrı böyük dövlətlər bu qurumlardan öz məqsədləri üçün faydalanır. Bu baxımdan Beynəlxalq Qırmızı Xaç Komitəsi də istisna deyil. BQXK-nın təkcə bizim regionda yox, elə Ukraynanda və digər yerlərdə fəaliyyətlərindəki tendensiyalılıq, qurumun missiyasına uyğun gəlməyən məsələlərlə bağlı çox hallar qeydə alınıb. Azərbaycanda da eyni davranış sərgilənir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ən yüksək səviyyədə bunu dilə gətirməsi, həmin təşkilatdan öz məqsədləri üçün faydalananlara bir ismarıcdır. Eyni zamanda, burada xəbərdarlıq da var. Sözügedən quruma da, dgərlərinə də xəbrdarlıqdır ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq. Ya Beynəlxalq Qırmızı Xaç Komitəsi öz nizamnaməsinə, beynəlxalq normalara uyğun fəaliyyət göstərəcək, ya da Qarabağda fəaliyyətinin nə dərəcədə məqsədə uyğun olub-olmadığı məsələsi qaldırılacaq”, - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ