"Komandanın adı “Qarabağ” olsa da, Kür suyu içib oynayırlar" - Deputat

 11:36 03.08.2023     232

“Qarabağ”ın bu dəfəki heyətini çox bəyəndim. Komandada müftəxor oyunçu gözə dəymir. Fədakarcasına savaşdılar, şans da olduqca texnikalı rəqibdən yana idi. Rəqibin qapıçısı da bir neçə topu ustalıqla çıxardı. Bir də komandamızda oyun praktikasının azlığı özünü göstərirdi".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa ötən gün keçirilən “Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşərkən deyib.

"Qurban Qurbanovun həmlələri də məncə optimal idi. Bu komanda Avropa Liqasında mərhələ adlayıb qruplara qatıla bilər. Komanda və onun baş məşqçisi üçün tənqid həddini aşan rəyləri görəndə yadıma bizim böyük sənətkarlara isnad edilən bir lətifə düşür. Səhv etmirəmsə, Qulu Əsgərovun ifasına irad bildirən qarabağlı sənətkarların birinə cavabı maraqlı olur: Siz Qarabağda bulaq suyu içib oxuyursunuz, mən isə Kür suyu içib oxuyuram. İndi də anlamaq istəmirlər ki, bu komandanın adı “Qarabağ” olsa da, idmanımızın bu günkü bataqlığında Kür suyu içib oynayırlar. Üzümüzü ağardan bir komandamız var, bir məğlubiyyətə görə üz döndərməyək, mənasız sual və rəylərlə məşqçi heyətini və oyunçuları ruhdan salmayaq", - deyə deputat bildirib.

Xatırladaq ki, “Qarabağ”-“Rakuv” matçı 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Turan İSMAYIL