“Azərişıq” Hacıqabulun 3 kəndində yenidənqurma işləri həyata keçirir

 12:19 03.08.2023     264

“Azərişıq” ASC Hacıqabul rayonunun Abdulabad, Rəncbər və Qubalıbaloğlan kəndlərinin elektrik enerjisi sistemini yeniləyir.

Bu barədə Redaktor.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ötən əsrin 60-70-ci illərində qurulmuş şəbəkə keyfiyyətini itirmişdi. Küləkli və yağışlı havada elektrik enerjisinin verilməsində yaranan məcburi fasilələr sakinlər üçün çətinlik yaradırdı.

Hacıqabul rayonunda aparılan işlər çərçivəsində Abdulabad kəndində elektrik şəbəkə tamamilə yenidən qurulur. Kənddə 20 ədəd müasir tipli KTM-nin quraşdırılması nəzərdə tutulub. Eyni zamanda 16 km 10 kV-luq hava və 63 km 0.4 kV-luq sip kabel xətləri çəkilir.

Paralel olaraq Rəncbər və Qubalıbaloğlan kəndlərində də elektrik enerjisi təchizatının yenidən qurulması yönündə lazımi işlər görülür. Kəndlərdə 35 ədəd müasir tipli KTM quraşdırılır, 36 km 10 kV-luq hava və 107 km 0.4 kV-luq sip kabel xətləri çəkilir, 0.4 və 10 kV-luq yeni dəmir dayaqlar basdırılır. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2500-ə yaxın abonent dayanıqlı və fasiləsiz ekeltrik enerjisi ilə təmin olunacaq.

“Azərişıq” bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.