İnsanların ürəyincə istirahət etməsi üçün şərait yaradılmalıdır - Deputatlar bölgələrdə turizmin vəziyyətindən danışdılar

 12:49 10.08.2023     2057

Bildiyimiz kimi hazırda daxili turizmdə canlanma müşahidə olunur. Çünki ölkə xaricinə çıxmağa büdcəsi yetməyən vətəndaşlarımız istirahət üçün bölgələrimizi seçir. 

Onu da vurğulamaq lazımdır ki, bölgələrimizdə olan istirahət mərkəzlərinin, otellərin həmin bölgənin sosial-iqtisadi inkişafına təsirləri də az deyil.

Rayonlarda olan bəzi otellər var ki, onlar dünyada da tanınır, xarici qonaqları çox olur. Nəticə etibarı ilə ölkəmiz turistik zona olaraq artıq dünyada tanınmağa başlayır. Bu tanınma ölkəmizə gələn turistlərin sayını artırır, eyni zamanda bölgələrimizin sosial-iqtisadi inkişafını daha da artırır. Bunun üçün də bölgələrdə istirahət mərkəzlərinin, otellərin ikişaf etdirilməsi mühüm məsələlərdən biridir. İstirahət mərkəzlərinin həm iqtisadiyyatımıza müsbət təsirini görürük, həm də rayonlarımızın inkişafındakı mühüm yerini.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev Redaktor.az-la fikirlərini bölüşdü.

Deputat dedi ki, bölgələrdəki istirahət mərkəzlərinin birmənalı olaraq müsbət təsirini görürük:

"Dövlətin də bu sahədə marağı var. Deməli, turist axını olan regionlarda yaxşı otellər, hostellər, apartmentlər var. Təbii ki, adamlar çox gəlir, adamlar çox gəlirsə, deməli, restoranlar, kafelər inkişaf edir, gəzməli yerlər çoxalır. Yəni həmin restoranlarda qulluq edənlərə, aşpazlara böyük ehtiyac olur. Görürsünüz, bunlar hamısı zəncirvari bir-birinə bağlıdır. Regiona pul axını başlıyır. Regiondakı bir çox qeyri-sosial problemlər həll olunur. Mən bir misal gətirim: Türkiyə son beş ildə belə iqtisadi artıma, istehsalata daha çox bağlıdır. Bundan qabaq 25 ildir Türkiyə dünyada ən turistik ölkələrdən biri idi. Bundan qabaq Fransaya 27 milyon  turist gəlirdi, Yunanıstana 20 milyondan çox  turist gəlirdi. Yəni bu ölkələrin iqtisadiyyatında turizmin böyük rolu var. Biz də bunu hədəf götürüb istəyirik həm Azərbaycanı bütövlükdə turizm ölkəsi kimi tanıtdıraq, həm də regionların inkişafına böyük bir təsir edək. Mən Lənkərana tez- tez gedirəm. Görürəm ki, Lənkəranın, bütövlükdə ab-havası dəyişilib. Mən orada rus, ingilis, fransız, alman və Ukrayna dilində danışan turistlər görürəm. Yəni bu bizim üçün fəxrdir, insan axını gəlir. Maraqlanır, gəzirlər. Yerli icra hakimiyyəti də başa düşür ki, gərək şərait yaradasan ki, insanlar daha çox gəlsin. Aldığım məlumata görə Lənkəran-Astara boyu əgər dəmiryolu dəniz qırağından, sahildən götürülsə, başqa yerdə aparılsa, oranın torpağının qiyməti birə on artacaq. Orada tikilən otellər, hostellər və restoranlar daha rahat işləyəcək, çoxlu turistlər gələcək. Daxili turizmdə bizdə böyük inkişaf var. Ona görə mən düşünürəm ki, birinci turistlərin axını üçün əsas məsələ yoldur, logistika rahat olmalıdır. İkinci də şərait yaxşı olmalıdır ki, insan axını olsun".

Milli Məclisin deputatı Azər Badamov söylədi ki, turizm neftdən sonra ən gəlirli sahə hesab olunur:

"Bölgələrdə otellərin, istirahət mərkəzlərin tikilməsi turizm baxımından cəlbediciliyi artırır. Bu, nəinki otel və istirahət mərkəzlərin gəlirlərinin artmasına təsir göstərir, həm də regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. İlk növbədə regionlarda xidmət mədəniyyəti formalaşır. Turizm mərkəzlərində çalışan işçilərin əksəriyyəti həmin bölgənin insanları olur. Bu da işsizliyin aradan qalxmasına verilən töhfədir. Turizm sahəsinin inkişaf etdiyi regionlarda kənd təsərrüfatının inkişaf etməsinə təsir göstərir. İstirahət üçün regionlara səfər edən insanlar bazarlarda və mağazalarda da müəyyən qədər pul xərcləyir. Regionlarda maraqlı istirahət yerlərin olması, ora üz tutanların sayının da artmasına təsir edir. Məsələn, "Şahdağ" istirahət mərkəzinin açlılmasından sonra Qusarın iqtisadiyyatında canlanma baş verib. Qusarlı gənclər "Şahdağ" istirahət kompleksində təcrübə qazanırlar və ölkənin digər yerlərində fəaliyyət göstərən otel və restoranlarda işləməyə dəvət alırlar. Düzdür, pandemiya ölkəmizin turizm sektoruna çox mənfi təsir göstərdi. Bu gün isə postpamdemiya dövrünə girməyimiz turizm sektorunun inkişafını yenidən sürətləndirib. Hesab edirəm ki, regionlarda müasir turizm mərkəzləri çox yaradılmalıdır. Dəniz turizmindən lazımı səviyyədə istifadə edə bilmirik. Məsələn, sovetlər dövründə ittifaq miqyasında məşhur olmuş Nabranda dənizkənarı infrastruktur yox dərəcəsindədir. İnsanlar dənizdə istirahət etmək üçün Türkiyəyə və başqa ölkələrə səfər edirlər. Bu da pulumuzun ölkədən xaricə çıxması deməkdir. Ona görə də yayda istirahəti təşkil etmək üçün dənizkənarı bölgələrdə müasir otellər tikilməli, çimərliklər yenidən qurulmalı və insanların ürəyincə istirahət etməsi üçün şərait yaradılmalıdır".

Milli Məclisin deputatl Vahid Əhmədov söylədi ki, bölgələrdə son vaxtlar aparılan işlər həm turist axınını çoxaldır, həm də sosial vəziyyəti yaxşılaşdırır:


 
"Qubanın, Xaçmazın kəndlərində, yaxın bölgələrdə müəyyən obyektlər tikilib istifadəyə verilir və turizm üçün çox əlverişlidir. Xaçmaz bölgəsi turizm zonası ilə bərabər həm də meyvə tərəvəzlə məşğul olduğu üçün iqtisadi baxımından gəliri artır. Lənkəran, Astara, Şəki, Zaqatala, İsmayıllı, Balakən zonaları turistik bölgələrdir. Faktiki olaraq kifayət qədər meşə, dağ olduğu üçün turizm üçün çox ciddi maraq doğurur. Həm turistlərin sayı artır, həm də kifayət qədər yaxşı obyektlər var və xidmətlərin sayı müəyyən qədər yüksəlir. Bu, birbaşa həmin bölgənin iqtisadi inkişafına təsir göstərir. Yəni sosial layihələrin həyata keçirilməsinin müsbət təsirini görürük".

Millət vəkili hesab edir ki, sosial-iqtisadi inkişafın artması üçün müəyyən güzəştlərə getmək lazımdır.

"Sonra dövlətin bölgələrə ayırdığı layihələrə baxmaq lazımdır. Xüsusilə güzəştli kreditlərin verilməsinə fikir vermək lazımdır ki, insanlar obyektlərini inkişaf etdirsinlər", - deyə Vahid Əhmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc olunub.

2