Dünyanı çalxalandıran faciə - Narkomaniya

 09:44 10.08.2023     375

“Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına səbəb olan amildir.”

İlham Əliyev  

Bu gün bəşəriyyət bir sıra qlobal fəlakətlərlə üz-üzədir. Acı bir həqiqət kimi etiraf edək ki, nəinki üz-üzəyik, hətta bu fəlakətlərin içindəyik. Müharibələr, iqlim dəyişikliyi, su qıtlığı...Təəssüf ki, bu fəlakətlərin sırası azalmaqdansa, artmaqdadır. Belə ümumbəşəri faciələrdən biri də narkomaniyadır. Bəlkə də bunu bəlaların bəlası hesab  etmək yerinə düşər. Çünki bu, bilavasitə şəxsiyyətin mənəvi dünyası ilə də sıx bağlıdır. Fəlakətlərin qarşısını almalı olan insan mənəviyyatı dönməz deqredasiyaya uğrayır, geniş mənada insan ölçü hissini itirir.  Narkomaniya fəlakətinin mərkəzində gələcəyimiz olan gəncliyin olması daha böyük ümidsizliklər doğurur. Bütün dünyanın bulaşdığı əsrin sağalmaz bəlası üçün əlçatmaz ölkələr, xalqlar, hətta ailələr yoxdur. Çox acı həqiqətdir ki, hər kəs öz qapısını qorumağa çalışır. Amma bu qlobal faciənin qarşısını almaq üçün əl-ələ vermək, fərdlərin, ölkələrin gücünü birləşdirmək, özü də səmimiyyətlə birləşdirmək gərəkdir. Bəli, burada daha çox sağlam qüvvələrin səmimi olması vacibdir. Dövlətdən, aidiyyəti qurumlardan narkomaniyaya bağlı heç bir faktı, heç bir şübhəni gizlətmək olmaz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən bu sahə üzrə 13 fərman, 56 sərəncam imzalanmış, Milli Məclis tərəfindən isə 38 qanun qəbul edilmişdir. Bir neçə Dövlət Proqramı qəbul edilmişdir.

Gənclərin taleyinə böyük qayğı göstərən ölkəmiz bu ümumibəşəri xəstələyin caynağından gələcəyimizi xilas etmək üçün var qüvvəsi ilə çalışır. Bu mübarizə sistemli və təsirli yollarla-dövlətin, ictimaiyyətin və fərdlərin gücünü birləşdirməklə həyata keçirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası (bundan sonra Dövlət Komissiyası) yaradılmışdır. Dövlət Komissiyası var gücü ilə, xüsusilə radio-televiziyanın, ümumən  müasir medianın imkanlarından istifadə etməklə gündən-günə mübarizə üsullarını təkmilləşdirir, effektiv nəticələr əldə edilir. Bu sahədə dövlət orqanları, xüsusilə Daxili İşlər Nazirliyimiz barışmaz və yorulmaz mübarizə aparır (802 qaynar xətti  bu sahədə böyük işlər görür) Bu yazıda biz qlobal və ölkəmiz miqyasında narkomaniya faciəsinin ümumi mənzərəsini canlandırmağa,  oxucularımızı maarifləndirməyə çalışırıq.

Narkomaniya qlobal sosial problem, milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bu müharibə başqa amansız müharibələr kimi insanların genefondlarını məhv edir. Narkomaniya, heç də bəzilərinin dediyi kimi, xəstəlik deyil. Bu heç sağlam insanlara xas olan adi bir eyib də deyil. Narkomaniya şəxsiyyətin total məğlubiyyəti və onun sağlamlığının amansız iflasıdır.

2021-ci ildə  dünyada təxminən 275 milyon insan narkotik vasitələrdən istifadə edib. 36 milyon insan isə narkomaniyanın törətdiyi fəsadlardan əziyyət çəkib. Onlardan 13 milyonu narkotikdən asılı olan insanlardır. Bu siyahıya əsasən ağır sintetik maddələrdən istifadə edən insanlar daxildir ki, onların da yarısı gənclərdir. Təkcə 2019-cu ildə 494 min insan narkotiklərdən istifadə edib və bununla əlaqədar səhhətində yaranan  xəstəliklərdən dünyasını dəyişib. Bu faktlar Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təqdim etdiyi “Narkotiklər haqqında Ümumdünya hesabatı – 2021” məruzəsində açıqlanır.

Adını çəkdyimiz sənəddə qeyd edilir ki, narkotikdən istifadə edənlərin sayı 2010-cu illə müqayisədə 22 faiz artıb. Demoqrafik dəyişikliyə əsaslanan proqnoza görə, 2030-cu ilə qədər narkotik istifadəçilərin sayı bütün dünyada daha 11faiz artacaq.

Ən qorxulu məqam ondan ibarətdir ki, mütəxəssislərin haqlı olaraq XXI əsrin bəlası adlandırdığı narkomaniya bütün dünyada daha böyük sürətlə yayılmaqda davam edir. Əgər əvvəllər hər ölkədə çox az sayda insanlar təbii narkotik vasitələrdən istifadə edib uzun müddət yaşaya bilirdilərsə, indi narkomaniya daha kütləvi hal alıb. Bunun bir səbəbi də asan əldə olunan və populyarlaşan böyük sayda sintetik narkotik maddələrin geniş yayılmasıdır.  Gənclər arasında  sürətlə yayılmaqda olan bu bəla, son vaxtlar bəşəriyyətin ən qiymətli dəyəri olan uşaqların və yeniyetmələrin həyatı üçün böyük təhlükəyə çevrilməkdədir. Narkotikə aludəçilik gənclərin özü üçün, onların ailəsi üçün və cəmiyyət üçün əksər hallarda faciəyə çevrilir. 

Aparılan araşdırmalardan aydın olub ki, bütün dünyada 11 milyon insan ineksiyalı narkotiklərdən istifadə edir ki, onların da yarısına qədər hepatit C xəstəliyi ilə yaşayır.

Ümumdünya təşkilatlarının apardığı araşdırmalara görə bu gün dünyada ən çox narkotik istifadə edən və narkotrafik ölkələr sırasında yer alan İran, Rusiya, Əfqanıstan və Orta Asiya ölkələridir ki, Azərbaycan bu ölkələrlə ya quru ərazilərlə, ya da dəniz vasitəsilə  qonşudur və geniş iqtisadi-ticarət əlaqələrinə malikdir. Böyük qüvvə sərf etsə də,  ölkəmizdə narkotikdən istifadə edənlərin, xüsusilə gənclərin sayı durmadan artır. 

Təəssüflə qeyd etməliyik ki, uzun müddət Qarabağımızı işğal altında saxlamış Ermənistan cənub qonşumuz İranla işbirliyinə girərək ölkəmizin qərb ərazilərini narkotrafikə döndərmişdilər. Saysız-hesabsız insanları “ağ ölümün” pəncəsinə vermiş bu namərd qonşular Qarabağ azad olandan sonra  da iyrənc üsullarla niyyətlərini davam etdirmək istəyirlər.

Əlbəttə bu tendensiya dövlətimizi və cəmiyyətimizi narahat etməyə bilməz. Hələ 1990-cı illərin ortalarından, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından  dərhal sonra, dövlətçiliyin möhkəmləndirilməsi sahəsində çox mühüm və vacib işlərin olmasına baxmayaraq, bu problemin həllini də nəzarətə götürmüş və bir sıra vacib qərarlar qəbul etmişdir. Ulu öndər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, bununla bağlı  1996-cı il avqustun 26-da müvafiq fərman imzalamışdır. Məhz bu fərmandan sonra  ölkədə problemin həlli istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başlamış, xüsusilə narkotrafikun qarşısının alınması ilə bağlı beynəlxalq təşkilatlarla birgə fəaliyyət mexanizmləri işlənib hazırlanmışdır. Bu fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur.

Ümummilli liderin milli genefondun qorunmasına və gənc nəslin sağlam böyüməsinə xidmət edən narkomaniyaya qarşı mübarizə siyasəti 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha geniş şəkildə davam etdirilmişdir.  Məhz Cənab Prezidentin  tapşırığına əsasən müvafiq strukturların hazırladığı  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə” dörd Dövlət Proqramı qəbul edilmişdir. Dövlət başçısının sərəncamları ilə təsdiq edilən 2007-2012,  2013-2018 və 2019–2024-cü illəri əhatə edən bu proqramlar  cəmiyyəti narahat edən narkomaniya bəlası ilə mübarizədə hüquq mühafizə orqanları və bu məsələyə cavabdeh olan digər dövlət təsisatları üçün sözün əsl mənasında yol xəritəsinə çevrilmişdir.  

2019 – 2024-cü illər üçün Dövlət Proqramının əsas məqsədləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Qeyd  etməliyik ki, proqramın icrasında ölkənin Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti  və Dövlət Gömrük Komitəsi üzərlərinə düşən vəzifəni uğurla icra edirlər.  Lakin təəssüflə qeyd etməliyik ki, bütün mübarizə tədbirlərinə baxmayaraq, son illərdə ölkəmizdə narkotik və psixotrop maddə istifadəçilərinin, o cümlədən narkotiklərlə bağlı cinayət hadisələrinin sayı xeyli artıb. Məsələn, 2000-ci ildə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 1989 olubsa,  2020-ci ildə bu rəqəm iki dəfədən çox  artaraq  5041-ə çatıb. 2020-ci ildə 301 nəfərdən ibarət 131 cinayətkar qrup zərərsizləşdirilmişdir ki, bunların əksəriyyəti transmilli cinayətkar qruplardır. 2019-cu ildə qanunsuz dövriyyədən bütövlükdə 3 ton 318 kq narkotik vasitələr götürülmüşdür.

Bu ilin üç ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3992 cinayət faktı aşkarlanıb.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-aprel aylarının yekununa dair məlumatda həyəcanlı rəqəmlər  öz əksini tapıb.

1330-u narkotik vasitələrin qanunsuz satışı, 2596-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 38-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı məlumatlar xüsusi narahatlıq doğurur.

Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 209 kq 253,454 qr-nı heroin, 1 ton 590 kq 303,118 qr-nı marixuana, 128 kq 867,863 qr-nı tiryək, 43 kq 155,165 qr-nı həşiş,139 kq 297,484 qr-nı psixotrop maddələr, 1 kq 332,53 qr digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 19838 ədəd həb metadon, 1097 ədəd çətənə bitkisi, eləcə də 617,668 qr, 2321 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2557 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 42 nəfəri xarici ölkə vətəndaşıdır.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 99 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 451 kq 605,358 qr və 19838 ədəd həb metadon narkotik vasitələr və 2321 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilən cinayətlərin 80-ı qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 604 kq 284,7 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 879 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 577 kq 807,8 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

2023-cü ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən götürülən 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 107 milyon 846 min AZN kimi qiymətləndirilir.

Qeyd edilib ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 147, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 204nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 619 kq 890,876 qr artıb. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 108, digər növ cinayət faktların sayı 6, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 2, qrup halında olan cinayətlərin sayı isə 9 fakt azalıb.

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27140 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 946 nəfərindən 515-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Narkotacirlərin zərərsizləşdirilməsində DİN Baş Narkotiklərlə mübarizə İdarəsinin fəaliyyəti daha da aktivləşmişdir.

2023-cü ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 396 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 58-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 183-ü narkotik asılılıqdan müalicə, 155-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 241 məktub ünvanlanıb.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Bu sahədə Dövlət Gömrük Komitəsinin fəaliyyəti də xüsusi qeyd edilməlidir. Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanla, suda Xəzəryanı ölkələrlə həmsərhəd olan Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, narkotiklərin “istehsalçısı” olan Asiya və “istehlakçısı” olan Avropa qitələri arasında yerləşməsi, avtomobil, su, hava və dəmir yolları şəbəkəsi vasitəsilə daşınan yüklərin həcminin, nəqliyyat vasitələrinin və sərnişinlərin sayının ilbəil artması, həmçinin uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində hər il orta hesabla dünyanın 140-a yaxın ölkəsi ilə qurulan ticarət əlaqələri narkoqaçaqmalçıları özünə cəlb edir. Onlar bu imkanlardan istifadə etməklə, bilavasitə “əfqan” narkotiklərini Avropaya və digər regionlara daşımağa cəhd göstərirlər.

Son 10 ildə narkotacirlər narkotik vasitələrin yayılmasında informasiya texnologiyalarının imkanlarından da geniş istifadə etməyə başlamışlar.  Belə narkotik satışının “darknet” adlanan kölgə interneti yaranmasının 10 ili ərzində çox sürətlə genişlənmişdir. Hazırda ən böyük “draknet” şəbəkəsinin illik dövriyyəsi 315 milyon dollar təşkil edir. Səssiz ölüm yayan bu şəbəkələr sürətlə bizim ölkəyə də ayaq açır və biləvasitə gənclərin və yeniyetmələrin həyatını zəhərləməklə milli genefondumuz üçün çox böyük təhlükəyə çevrilir. Ən təhlükəli məqam ondan ibarətdir ki, xüsusi laboratoriyalarda kimyəvi üsulla  hazırlanan sintetik müasir narkotik vasitələr demək olar ki, 2-3dəfə istifadədən sonra insanda güclü asılılıq yaradır. Bu xəstəliyin nəticələri isə son dərəcə ağır olur. Çünki onun tərkibində olan ağır və kəskin toksinlər insanın daxili orqanlarının və  əsəb sisteminin funksiyalarını kobud şəkildə pozur və qısa zamanda şəxsiyyətin deqradasiyasına səbəb olur. 

Bəli, ağır narkotik vasitələr bir neçə həftədə insan iradəsini özünün quluna çevirməyə və onu özünə tabe etməyə  qadirdir. Bir neçə ildə isə bu ağu insanı “yandırıb” məhv edir, onu köməksiz insanlığı məhv edilmiş, əldən düşmüş bir tüfeyliyə çevirir ki, bundan sonra belələrinin həyatda yeganə amalı növbəti “dozanı” axtarıb tapmaq və istifadə etmək olur. Belələri isə sözün həqiq mənasında gözlərində həyat eşqi sönmüş, ətrafdakı reallığı qəbul etməyən, dostları, bəzən ən əziz adamları tərəfindən qəbul edilməyən lazımsız bir insana çevrilir.

Bizim cəmiyyət də belələrindən təcrid edilməyib. Müvafiq orqanların verdiyi rəsmi statistik məlumatlara görə hazırda Azərbaycanda 33 min 788 narkotikdən asılı olan insan var. Bu orta səviyyəli bir şəhərin əhalisinin sayına bərabərdir. Əgər qeydiyyatdan yayınanları da bura əlavə edə bilsəydik bunun 10 milyonluq əhalisi olan bir ölkə üçün nə qədər böyük problem olduğunu aydın görərdik.

Bütün bunlardan çıxış edib həyəcan təbili çalmağın vaxtını ötürməkdə olduğumuzu bildirmək istəyirəm. Dövlət öz tərəfindən lazımi mübarizə tədbirlərini yüksək səviyyədə görür. Ancaq bu tədbirlər narkomaniya kimi amansız bəlanın qarşısını almaqda acizdir. Bu problem xalqın gələcəyini, sağlam genefondumuzu düşünənləri  bir dəqiqə belə sakit buraxmamalı və ciddi düşündürməlidir. Cəmiyyətimiz, ziyalılarımız, xüsusilə müəllimlərimiz , jurnalistlərimiz, televiziya və radio kanallarımız bu problemə biganə yanaşmamalıdırlar. Yalnız hüquq mühafizə orqanları ilə birgə səylərimizlə müsbət nəticələr əldə etmək və bizim bugünki həyatımızın bu qlobal probleminin qarşısını almaq mümkündür.

İnzibati orqanların üzərinə düşən vəzifələr aydındır: narkotiklərin və narkotik maddələrin qanunsuz dövriyyəsini ən kəskin tədbirlərlə ləğv etmək, onların satışına və yayılmasına imkan verməmək. Bu, məsələnin inzibati yoludur.

Cəmiyyətdə olan narkotikdən asılı insanların müalicəsi də dövlət səviyyəsində təşkil edilib. Ölkədə narkoloji dispanserlər fəaliyyət göstərir və onların müalicə metodlarının təkmilləşdirilməsi, pasiyentlərə yanaşmalarında da ciddi dönüş etməyin vaxtı çatıb. Çünki narkomaniyadan xilas olmaq üçün kompleks və sistemli yanaşma tələb edilir: orqanizmi toksinlərdən təmizləmək, psixoloji reabilitasiya və ardıcıllıqla cəmiyyətdə sosiallaşma, ailə ilə kəsilmiş əlaqələrin bərpası, həyatda yeni hədəflər və məqsədlər müəyyənləşdirməyə yardım etmək. Narkomaniyanın müalicəsi uzunmüddətli, bahalı və  çətin başa gələn çox ağır psixoloji prosesdir. 

Amma bütün bunlarla yanaşı ən vacib olanı gənclərin, yeniyetmələrin bu yola düşməsinə imkan verməmək üçün kompleks profilaktik tədbirlərin görülməsidir.  Əgər cəmiyyətimiz bu istiqamətdə lazımi tədbirləri vaxtında, ləngimədən həyata keçirə bilsə, zaman-zaman narkomaniya problemini aradan qaldırmaq istiqamətində çox böyük uğurlar qazanmaq olar.

Narkomaniyanın profilaktikası ilk növbədə narkotiklərin və psixotrop maddələrin qəbulunun və onların yayılmasının qarşısının alınmasına  yönəlməlidir. Bu, bir neçə səviyyədə gerçəkləşdirilən kompleks tədbirlərdir: dövlət, cəmiyyət və local- ailə səviyyəsində.

Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin regional idarələrindən biri olaraq bizim idarəmiz də   son illər özündə yeniyetmələr və gənclər arasında narkotiklərə qarşı təbliğatı, cəmiyyətə adaptasiya olunmaq vərdişlərinin formalaşmasını və həyatda  çətinliklərin dəf edilməsini özündə ehtiva edən ümumi profilaktik tədbirlərin reallaşmasında yaxından iştirak edirik. Bundan əsas məqsəd gənclərdə narkotik vasitələrə aludəçiliyə yol açan amillərə qarşı təbii müqavimət şəraiti yaradılmasında ibarətdir. Bunun üçün idarəmizin əməkdaşları psixoloqlar, social müəllimlər və sosial işçilərlə birgə risk qruplarında olan uşaqlarla seçmə profilaktik tədbirlər keçirlər. Başlıca olaraq problemli və sosial təminatı zəif olan, ciddi sosial-iqtisadi problemlərlə üzləşən ailələrdən olan yeniyetmələrdə yardım üçün mütəxəssislərə müraciət etməkdən çəkinməmək hissi yaradırıq. Həmçinin belə ailələrin uşaqlarının narkotacirlərin təsiri altına düşməməsi üçün təbliğat aparılır.

Etiraf etmək lazımdır ki, narkomaniyaya qarşı təbliğatımızın əsas məqsədlərindən biri 2024-cü ilə qədər fəaliyyətdə olacaq  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə” Dövlət Proqramı haqqında cəmiyyəti məlumatlandırmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərə idarəmizlə yanaşı  təhsil müəssisələri – orta ümumtəhsil məktəbləri, liseylər, universitetlər, kolleclər də cəlb edilmişdir. Strategiyada əsas diqqət sağlam həyat obrazının, idmanın, ailə və insani dəyərlərin təbliginə yönəlib. Mütəmadi olaraq xidməti ərazidə yerləşən qeyd etdiyim təhsil müəssisələrində yeniyetmələr və gənclərlə davamlı görüşlər keçirilir,belə ki, onlar arasında “Narkotik vasitələrin insan orqanizminə dağıdıcı təsiri”, “Narkomaniya əsrin bəlasıdır”, “Azərbaycan gənclərinin milli-mənəvi tərbiyəsinin aktual problemləri”, “Ağ ölümə yox deyək” və digər oxşar mövzularda məruzələr oxunur, disputlar və müzakirələr keçirilir.

Bu mövzuda geniş müzakirələr açıb, narkomaniyaya qarşı mübarizənin ən müxtəlif yolları barədə uzun-uzadı danışmaq olar. Lakin nəzərə alsaq ki, narkotiklər və narkomaniya müasir cəmiyyətin başlıca problemlərindən biridir, o zaman bir gerçəyi dərk etməliyik: cəmiyyət özü narkomaniyaya qarşı birləşməli və narkobiznesə qarşı amansız mübarizədə fəal və barışmaz mövqe tutmalıdır.  İnsanlığın, xalqın gələcəyinə və genefondumuzun sağlamlığına biganə qalmaq istəmiriksə, təxirə salmadan bu bəşəri bəlaya qarşı mübarizədə  bütün imkanlarımızı səfərbər etməliyik.

Əziz oxucular! Bu yazıda biz narkomaniya mənzərəsini aydınlaşdırmaq istədik, ona qarşı aparılan mübarizədən bəhs etdik. Lakin aparılan ciddi mübarizə  bəzən  bizim istədiyimiz nəticəni vermir. Rəqəmlərin statistic müqayisəsindən də bu nəticəyə gəlmək olur. Amma dövlət qurumları yorulmaz və barışmaz fəaliyyətlərini ardıcıl və stabil həyata keçirməkdə davam edirlər.

Atalar gözəl deyib: güc birlikdədir. Hər kənddə, hər obada, hər məhəllədə ictimai fəallarımız var. Onların narahatçılığı təbiidir, əsaslıdır. Onlar dövlətimizi, gələcəyimiz olan gəncliyi sağlam, sabahı ümidli görmək istəyirlər. Məhz bu amal uğrunda bir olmalı, vahid istəkdə olmalıyıq. İnanırıq ki, bu birlik bizi sağlam və etibarlı gələcəyə qovuşduracaqdır.

Bəxtiyar Hüseynov

Yazıçı-ekoloq