"Əvvəl malın yaxşısını gətirib istehlakçının rəğbətini qazanırlar, sonra isə saxtaları gəlir"

 17:35 11.08.2023     670

Hər zaman müzakirə olunan mövzulardan biri də palma yağının insan səhhətinə zərəri ilə bağlıdır. İnsanlar da son vaxtlar bəzi yağlarda müəyyən dad hiss etdiklərini bildirirlər. Lakin şikayətlərini bildirsələr də, yetərli olan cavab ala bilmirlər.

Yağlardan əlavə bəzi qidalarda da palma yağınının olduğunu iddia edirlər. Ekspertlər də vətəndaşların bu fikirlərdə yanılmadıqlarını bildirirlər. Bir müddət əvvəl də "Kırlanğıc" qarğıdalı yağının tərkibi ilə bağlı məsələ gündəmə gəlsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu yağ barədə vətəndaşlar üçün yetərli olan açıqlama verməmişdi.

Maraqlıdır, palma yağı olan qidanı necə ayırd edə bilərik? Palma yağı əlavə hansı qidalarda var? AQTA niyə vətəndaşı qane edən açıqlama vermir?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Redaktor.az-a danışdı.

O, söylədi ki, əhali yağın keyfiyyəti barədə məlumat almaq istəyir, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə çox primitiv bir yanaşma nümayiş etdirir:

"AQTA-nın milyon dollara quraşdırılmış laboratoriyaları var, gərək yaxşı analizlər, araşdırmalar aparardı. Ümumiyyətlə, Azərbaycanda bir anti-biznes etikası var. Əvvəl malın yaxşı partiyalarını gətirib istehlakçının rəğbətini qazanırlar, sonra isə saxta partiyaları gəlir. Güman edirəm ki, əgər istehlakçılar bu yağların keyfiyyətindən şikayətləri varsa və ən gözəl ekspertiza ictimai rəyi hesab edirəm. Deməli, həmin məsələ baş veribdir".

E.Hüseynov bildirdi ki, palma yağları barədə illər boyu Azərbaycanda ziddiyyətli fikirlər var.

"Mən altı il bundan öncə Braziliyada istehlakçı hüquqlarını qoruyan təşkilatların Dünya Konqresində iştirak edən zaman bu məsələni gündəliyə qaldırmışdım. Məlum oldu ki, palma yağı iki cür hazırlanır. Biri onun toxumlarından hazırlanır, Avropa bazarında geniş və açıq satılır, biri isə onun gövdəsindən hazırlanır - sənaye üçün, kosmetika üçün. Qida üçün satılan palma yağların normal yağlardır. Hətta Avropada istehsal olunan körpə qidalarının tərkibində var, üstündə də yazıblar. Həmin körpə qidaları Azərbaycanda da satılır və palma yağı heç də digər duru yağlardan geri qalan yağ deyil, hətta, üstünlükləri də var. Sadəcə olaraq palma yağı İndoneziya və Malayziyada müsəlman ölkələrində istehsal olunur, MDB-nin duru yağ bazarına girməmək üçün MDB-də ona qarşı böyük media basqısı var. Ona görə də Rusiyadan qaynaqlanan bu anti-reklam davam edir və Azərbaycanda da öz əksini tapır. Əksinə mən deyərdim ki, palma yağını gətirən insanlar açıq şəkildə onu satsınlar. AQTA şübhəsiz ki, ona nəzarət edir. Sənaye üçün gətirilən palma yağları varsa, düşünürəm ki, onun qida sənayesinə keçməsi mümkün deyil, çünki nəzarət olunur. Qeyd etdiyim kimi, ən inkişaf etmiş ölkələrdə normal qida yağı kimi palma yağı istifadə olunur".

Humay İSGƏNDƏRLİ