İçməli suyun keyfiyyətinə nəzarət üçün hansı işlər görülür?

 19:08 11.08.2023     300

Bu ilin yanvar-iyun aylarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri və digər obyektlərdən ümumilikdə 1 462 nöqtədən 39 556 su nümunəsi götürülüb.

Bu barədə Redaktor.az-a Dövlət Su Ehtiyarları Agentliyindən bildirilib.

Həmin nümunələr üzrə 226 287 göstərici təyin edilib.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və şəbəkələrindən götürülmüş 7 861 tullantı su nümunəsi üzrə 36 477 parametr öyrənilib.

Məlumata görə, hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 56, tullantı suların 60 olmaqla, ümumilikdə 116 parametri üzrə analizlər aparılır. Ümumilikdə içməli suyun keyfiyyətinə 9-u regional olmaqla 11, tullantı sularının tərkibinə isə 15 laboratoriya tərəfindən nəzarət olunur.

Xatırladaq ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 2013-cü ildə fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.