"Həzi Aslanov" metrostansiyasında təmir işləri aparılacaq

 12:45 16.08.2023     296

Bu ilin sonuna "Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: “Görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində iş aparılır. Layihə üzrə işlər başa çatdıqdan və prosedur qaydalarına uyğun tədbirlər görüldükdən sonra təmir işlərinə başlanılacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Çünki orda hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək və ictimaiyyətin bilməli olduğu məqamlar çox olacaq. Təmir işlərinə stansiyanın dönmə kamerasında, yəni qatarların dalan yollarında başlanılacaq. Daha sonra proses stansiyanın özündə davam etdiriləcək. Bütün proses tam dəqiqləşdikdən sonra ictimaiyyətə məlumatlar tam açıqlanacaq”.