"Sürətli işlər qayıdışın yaxın zamanda olacağını göstərir" - Kəlbəcərin deputatı

 15:08 17.08.2023     1243

Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə "Böyük Qayıdış" prosesi gedir. Bütün bunlar üçün, təbii ki, həmin ərazilərdə quruculuq işləri aparılır.

"Böyük Qayıdış" olacaq rayonlarımızdan biri də Kəlbəcərdir. Hazırda Kəlbəcərdə təmizlənmə işlər aparılır ki, nəzərdə tutulmuş planla görüləcək işlərə başlanılsın. Köçlə bağlı əhalini də maraqlandıran bir sıra məsələlər var.

Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən millət vəkili Aqil Məmmədov Kəlbəcər sakinlərini də maraqlandıran məsələrlə bağlı Redaktor.az-a danışdı.

Deputat dedi ki, Kəbəcərə qayıdışla əlaqədar artıq lazımi tədbirlər həyata keçirilir:

"Bilirsiniz ki, işğaldan azad olunmuş, bölgələrimizdə tikinti, quruculuq və bərpa işlərinin daha sürətlə aparılması üçün Dövlət Proqramı qəbul olunub. Təbii ki, dövlət proqramı çərçivəsində müəyyən  müddət ərzində görüləcək işlər artıq müəyyənləşdirilib. Təxmini köçəcək ailələrin sayı da müəyyənləşdirilib. Hal-hazırda Kəlbəcərdə qayıdış istiqamətində müəyyən işlər davam etdirilir. Kəlbəcərin digər rayonlardan fərqi ondan ibarətdir ki, Göygöl rayonu istiqamətində Kəlbəcərə gedən yollarda yüklərin daşınmasında müəyyən çətinliklər var. Amma buna baxmayaraq hazırda müəyyən işlər aparılır. Yəni tikintinin daha sürətlə aparılması üçün müəyyən hazırlıq işləri aparılır. Hazırlıq işləri birinci növbədə nədən ibarətdir? Mənim aldığım məlumata görə Kəlbəcər şəhərində mərkəzi küçədə və mərkəzi küçənin ətrafında sürətli təmizləmə işləri aparılır. Ermənilər tərəfindən dağıdılmış, sökülmüş və tam yararsız vəziyyətə salınmış binalar sökülür. Bu o deməkdir ki, mərkəzi küçədə genişləndirmə işləri aparılır. Kəlbəcər şəhərinin və kəndlərin layihələri artıq hazırlanıb. Bütün işlər layihə əsasında aparılır. Onu qeyd etmək istəyirəm ki, həmin küçənin genişləndirilməsi, orada təmizlik işlərinin aparılması, gələcəkdə orda tikiləcək yaşayış binalarının daha sürətli təmiri istiqamətində yönəldilib. Kəlbəcərdə beş mərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi nəzərdə tutulub. Hazırda Rəqəmsal İdarəetmə Mərkəzinin  binası tamamlanmaq üzrədir. Məktəb binasının yeri də hazırdır. Tikinti işlərinin yüksək səviyyədə aparılması üçün beton zavodlar tikilir. Məlumat üçün bildirmək istəyirəm ki, İstisuda sanatoriyanın tikintisi ilə əlaqədar işlər davam etdirilir. Ucqar kəndlərə bu günləri elektrik enerjisinin verilməsi istiqamətində işlər çox uğurla aparılır, Zar və Ağqaya istiqamətində də bu işlər görülür. İnanıram ki, bu hazırlıq gələcəkdə işlərimizin daha sürətlə həyata keçməsinə imkan verəcək. Göygölün Toğanalı kəndindən Kəlbəcər istiqamətinə tunelin çəkilişində də çox sürətli işlər aparılır".

A.Məmmədov söylədi ki, sürətli işlər qayıdışın yaxın zamanda olacağını göstərir:

"İnanırıq ki, nəzərdə tutulmuş proqram vaxtında icra olunacaq və vətəndaşlarımız mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdacaqlar. Kəlbəcər rayonunun 80 minə yaxın əhalisi var, ora məcburi köçürmə olmayacaq. Bu, insanların öz arzusuna, istəyinə buraxılacaq. Mən əminəm ki, əksər kəlbəcərlərimiz öz ata-baba yurdlarına artıq çoxdan qayıtmağa qərar veriblər. Amma qayıtmaq istəməyənlərə də şərait yaradılacaq ki, harda ürəkləri istəyir, orda da qalsınlar".

Deputat bildirdi ki, Kəlbəcərdə bəzi kəndlərin birləşdirilməsi məsələsi hələlik rəsmi açıqlanmayıb:

"Bununla bağlı rəsmən tapşırıq verilməyib. Amma kəndlərin birləşdirilməsi söhbətləri var, biz də eşidirik. Bəzi vətəndaşlarımız da bu istiqamətdə bizə çoxlu sayda sual ünvanlayır. Ucqar kəndlərimiz var ki, 15-20 ev olub, onların birləşdirilməsi mümkün ola bilər. Düşünürəm ki, hər bir vətəndaş razılaşar ki, onlar daha uyğun və rahat yerlərdə yaşasınlar. Hər hansı bir kəndin ərazisindən dövlət əhəmiyyətli bir layihə keçəcəksə, insanlar bunu normal qəbul etməlidir. Amma konkret olaraq bu istiqamətdə rəsmi heç bir tapşırıq və yaxud da göstəriş yoxdur".

Humay İSGƏNDƏRLİ