“Selnet” yenə saytımızı internetsiz qoydu

 13:57 17.08.2023     569

Ölkədə internetlə bağlı problem hər zaman gündəmdədir. Artıq bir neçə dəfədir ki, biz də bu gündəmin bir parçasıyıq.

Redaktor.az olaraq dəfələrlə internet kəsintisi ilə qarşılarışırıq.

Redaksiyanı fasiləsiz internet ilə təmin etməyə borclu olan “Selnet” MMC ay ərzində dəfələrlə interneti kəsərək işimizə ciddi mane olur, necə deyərlər "canımız boğazımıza yığılıb".

Bu gün də saat 11:20-dən 12:04-ə kimi “Selnet” MMC-nin internet pravayderi yenə çalışmırdı.

Artıq öyrəşdiyimiz yalan cavabları eşitmək üçün əlaqə saxladıq, suallarımıza isə bu cür cavab verildi:

“Ərazidə elektriklə bağlı problem var. Yəqin ki, tezliklə həll olunar".

Problemin aradan qaldırılmadığını görüb bir daha zəng etdik, bu dəfə isə cavab başqa cür oldu:

"Avadanlığınız olan binada işıqla bağlı problem var, qısa müddətdə həll olunacaq".

Nəticə etibarilə "Selnet" MMC internet provayderinin bu cür fəaliyyəti səbəbindən, yəni internet olmadığından saytımız 1 saata yaxın işləmədi. Buna görə oxucularımızdan üzr istəyirik.

Qeyd edək ki, redaksiyamızın yerləşdiyi plaza rəhbərliyi də dəfələrlə şifahi şəkildə "Selnet"ə müraciət edərək, müştərilən internetlə bağlı narazılığını çatdırıb. Lakin uzun müddətdir "Selnet" bütün bu müraciətləri qulaqardına vuraraq abunəçilərinin iş fəaliyyətinə zərbə vurmaqda davam edir. 

Humay İSGƏNDƏRLİ