"Azad olunan torpaqlarımıza möhtəşəm dönüşümüzlə bir daha kimliyimizi göstəririk"

 17:09 18.08.2023     252

Hayların BMT Təhlükəsizlik Şurasındakı avantüralarına da, ortada dolaşan yeni Lavrov planına (əgər o varsa) da, Azərbaycanın ikinci Qarabağ savaşındakı qələbəsini həzm etməyənlərin bəzi hoqqalarına da son üç gündə gözəl cavablar oldu ki, onlardan biri bu gün baş verdi. Söhbət 23 xoşbəxt ailənin öz doğma yurdlarına- Füzuliyə qayıtmalarından gedir. İlin sonuna inşallah, Füzulidən olan 800 ailəyə belə xoşbəxtlik nəsib olacaq. 2040-ci ildə isə orada 50 min soydaşımızın, yəni işğal olunanda həmən şəhərdə yaşayanlardan 2,5 dəfə çox adamın məskunlaşacağı gözlənilir.

Bilirsinizmi, haylarla aramızdakı ən böyük fərq məhz özünü bunda göstərir. Baxın, ta qədimdən üzü bəri dövlətlər alman mütəfəkkiri Fridrix Ratselin "Siyasi coğrafiya'" əsərində vurğulandığı kimi onu quran xalqın çoxalması üçün genişlənməyə, başqasının torpaqlarını ələ keçirib "Lebensraum"a, yəni yaşam yerinə çevirməyə cəhd ediblər. Bəs haylar bizim torpaqları, o sıradan da Füzulini ələ keçirəndən sonra, nə etdilər? Heç nə vəhşilik, bütün yaşayış məskənlərini söküb dağıtdılar və Azərbaycan torpaqlarının daha bir hissəsini özününküləşdirdikdən sonra sayları artmaq əvəzinə 30 ildə az qala yarıyadək azaldı. Yəni "raum"u darmadağın etdiklərindən, "leben"ləri də olmadı. Niyə? Bu suala sualla cavab vermək istəyirəm: nədən haylar hər hansı bir yerdə etnik azlıq olarkən aralarından çox istedadlı adamlar yetişir, amma Ermənistan monodövlətə çevriləndən oradan məşhur soydaşlarının sırasında yer alacaq kimsə çıxmadı?

Əgər tam aydın olmadısa, açıqlayım: bitkilər kimi insanlar da təbiətin bir parçasıdırlar. Bitkilərin çoxu, torpaqdan cücərib böyüyür, bəziləri isə başqasına sarmaşmadan, yaxud da ağac göbələyi kimi digərlərindən qidalanmadan bunu edə bilmirlər. Haylar da toplum olaraq sonra adını çəkdiyim bitkilərə bənzəyirlər. Dövlət xalqı geni daşımadıqlarından onlar icma şəkilində, etnik azlıq olaraq başqalarının içində özlərini daha rahat hiss edir, daha yaxşı reallaşdıra bilirlər. Özləri dövlət qurmağı bacarmadıqlarından, dövlət xalqı olmadıqlarından Ratselin yaşam yeri nəzəriyyəsi onlar üçün keçərsizdir.

Əminəm ki, arzuladıqları "Böyük Ermənistan" xülyası reallaşsa və Ərməniyyədəki kimi orada milli azlığı təmsil etməsələr, onda onlar daha böyük fəlakətlə üzləşərdilər. Sözün hər anlamında kiçik Ermənistanı doldura bilməyən, oranı davamlı şəkildə tərk edən bir toplum "Böyük Ermənistan"da daha da kiçiləsidir.

Mətləbdən bir az uzaq düşüb vaxtınızı alıram üzürlü sayın, amma bu məntiqdən çıxış etməli olsaq, Qarabağdakı haydillilərlə hayların reinteqrasiyası və Qərbi Azərbaycandan olanların öz yurd yerlərinə qayıtmaları hazırda orada yaşayanlar üçün gözəl perspektiv vəd edir. Qarabağdakı kimi Qərbi Azərbaycanda da etnik azlıq olaraq onlar yenidən özlərini uğurla reallaşdıra bilər və aralarında yeni kasparovlar yetişərdi.

Biz isə az öncə qeyd etdiyim kimi işğaldan azad olunan torpaqlarımıza möhtəşəm dönüşümüzlə bir daha kimliyimizi göstəririk. Bu baxımdan mart ayında azərbaycanlıların qayıtdığı Talış kəndində artıq ilk körpənin dünyaya gəlməsi olduqca sevindiricidir. Valideynlərinə göz aydınlığı verirəm və əminəm ki, adı Zəhra olan bu balamızla birgə vətəndaşı olduğu dövlət də durmadan böyüyəcək.

Azərbaycanın ikinci Qarabağ savaşındakı qələbəsini həzm etməyənlərə verilən daha bir cavab isə cənab Prezidentin Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinə 80 milyon manatın ayrılması ilə bağlı dünənki Sərəncamıdır. Kəlbəcərlilərin yurd yerlərinə dönüşlərinin onlar üçün nə demək olduğunu isə hayların Göyçə və Dərələyəzdə yaşayan hissəsi gözəl bilir.

Sahib ALIYEV,

Millət vəkili