"Qarabağda anti-terror əməliyyatı daha tez başlaya bilər" - AÇIQLAMA

 18:01 21.08.2023     530

Bildiyimiz kimi, son günlər ermənilər həm şərti sərhəddə, həm Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə təxribatlara əl atırlar. Onlar həm Azərbaycan ordusunun mövqelərini atəşə tutur, həm ərazimizə kəşfiyyat-diversiya qrupu göndərməyə cəhd edir, eyni zamanda Qarabağda fortifikasiya qurğuları quraşdırmağa çalışırlar.

Ermənistanın bu addımları nədən xəbər verir? Bütün bunlar böyük silahlı qarşıdurmaya gətirib çıxarda bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Deputatın sözlərinə görə bütün bu cəhdlər onu göstərir ki, Ermənistan yeni təxribatlar törətmək niyyətindədir və eyni zamanda cəbhədə hansısa üstünlüyü əldə edərək danışıqlarda Azərbaycana diktə etməyə çalışır:

"Eyni zamanda, düşünürəm ki, bu, separatçıların son çırpıntılarıdır. Onlar artıq anlayırlar ki, vəziyyət getdikcə gərginləşir və onların burada fəaliyyətinə Azərbaycan imkan verməyəcək. Bunu göstərən məsələlərdən biri də odur ki, bu gün 60 nəfər separatçı Qarabağdan çıxdı və o, əraziləri tərk etdi. Əgər düşünsək ki, Ermənistan artıq müharibə barədə düşünmür, yenə də Azərbaycan torpaqlarının işğalını düşünür, daha çox imitasiya ilə məşğuldur və ona görə də davamlı olaraq bu təxribatları törədir, əlbəttə, Azərbaycan bu prosesləri bilir, bu proseslərə hazırdır. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan heç bir güzəştə getməyəcək. Bu kimi əməllərin heç biri cəzasız qalmayacaq. Bu gün də bir neçə dəfə atəşkəsi pozma cəhdləri oldu. Düşünürəm ki, Ermənistan anlamalıdır ki, bu təxribatların cavabı çox sərt və ağır olacaq. Onlar bu təxribatlara son qoymalıdırlar. Əgər təxribatlar davam edərsə, anti-terror əməliyyatı daha tez baş verə bilər və onlar bilməlidirlər ki, bir daha hər bir cəhdlərinin, hər bir təxribatlarının qarşısı çox qətiyyətlə alınacaq".

Humay İSGƏNDƏRLİ