Daşaltı şəhidinin cənazəsi 31 ildən sonra Xızıya gətirildi

 13:00 24.08.2023     255

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşən və Vətən müharibəsindən sonra basdırıldığı yer müəyyənləşdirilən Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsinə gətirilib.

Redaktor.az xəbər verir ki, şəhidin cənazəsini qəsəbənin girişində ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qarşılayıb.

A.Rüstəmovun meyitinin qalıqları Giləzidə doğulub, boya-başa çatdığı evinə aparılıb. Burada şəhidlə vida mərasimi keçirilir.

Mərasimdən sonra A.Rüstəmov Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Rüstəmov Araz Bağı oğlu 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub.

1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb. 2020-ci noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib (report).