"Kəlbəcərdə yaşayan insanların rifahı daha yaxşı olacaq, yeni iş yerləri açılacaq" - Deputat

 15:50 28.08.2023     734

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir neçə gün öncə Kəlbəcərə səfər etdi. Səfər çərçivəsində ölkə baçısı “İstisu” mineral sudoldurma zavodunun tikintisi ilə tanış olub, Zar kəndinin təməlini qoyub, bir neçə su elektrik stansiyalarının açılışında iştirak edib.

Prezidentin Kəlbəcərə səfəri ilə bağlı Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən deputat Aqil Məmmədov Redaktor.az-a danışdı.

O, qeyd etdi ki, ölkə rəhbərinin istənilən bir bölgəyə səfəri bölgə üçün, o bölgədə yaşayanlar üçün toy-bayrama çevrilir:

"Əvvəla, vətəndaş-rəhbər sevgisi, istəyi var. Ölkə rəhbəri hansı bölgəyə səfər edirsə, o bölgənin inkişafı, təmir tikinti işlərinin sürətlə aparılması, yeni iş yerlərinin yaranması deməkdir. Eyni zamanda orada yaşayan vətəndaşlarımızın sosial rifahının yaxşılaşması deməkdir. O cümlədən də bilirik ki, cənab Prezident ən çox da işğaldan azad olunmuş bölgələrimizə səfərlər edir və bu artıq mütəmadi xarakter daşıyır. Bu axırıncı səfər isə cənab prezidentin Kəlbəcərə dördüncü səfəridir. Niyə xüsusi vurğulayıram? Çünki Kəlbəcərə gediş-gəliş Ömər Aşırımdan keçir, həmişə səs-küylü olan bir bölgədir, bu bölgəyə səfər hər prezidentin, hər bir insanın işi deyil. Amma buna baxmayaraq ölkə rəhbəri ora gedir, orada aparılan tikinti quruculuq işləri ilə tanış olur, yeni yaşayış məntəqələrinin, yeni obyektlərin təməlqoyma tədbirində iştirak edir, açılışlar edir. Bu prezidentin həm bizi istəməyən qüvvələrə açıq mesajıdır, həm də bölgələrin yenidən qurulması ilə əlaqədar olaraq qəbul olunmuş birinci dövlət proqramının birbaşa icrasına nəzarəti öz üzərinə götürməsi deməkdir. Ölkə rəhbəri işlərin icrası ilə əlaqədar birbaşa özü məşğuldursa, özü nəzarət edirsə, bu, işin sürətlənməsi deməkdir. Bu, nəzərdə tutulmuş işlərin vaxtından qabaq təhvil verilməsi deməkdir və ora köçəcək insanların iş yeri ilə təmin olunması deməkdir. Bu da vətəndaşlarımızın sevincinə, əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olur".

Aqil Məmmədov vurğuladı ki, Prezident bu səfərdə üç yarımstansiyanın açılışını edib.

"Yəni ilkin olaraq elektrik enerjisi ilə təmin olunma olmalıdır. Çünki orada elektrik enerjisi olmasa, yəni istədiyiniz formada tikintinin aparılması qeyri-mümkündür. Eyni zamanda prezident ən ucqar böyük yaşayış məntəqələrindən biri olan Zar kəndinin təməl qoymasında iştirak etdi, eyni zamanda  “İstisu” mineral sudoldurma zavodunun tikintisi ilə tanış oldu. Ölkə rəhbəri keçən səfərində də vurğulamışdı ki, İstisuda tikilən müalicəvi sanatoriya dünyada birinci sanatoriyalardan olacaq. Yəni həm o suyun tərkibinə görə, həm də orada tikintinin yüksək keyfiyyətlə, müasir avadanlıqlarla təchiz olunması baxımından doğrudan da o dünyaya səs sala biləcək bir sanatoriya olacaq. Kəlbəcərin tez bir zamanda iqtisadi resursları işə düşəcək. Bu da həm o bölgənin inkişafına müsbət təsir göstərəcək, eyni zamanda, ölkə iqtisadiyyatına öz müsbət təsirlərini göstərəcək. Orada yaşayan insanların rifahı daha yaxşı olacaq, yeni iş yerləri açılacaq. Bu baxımdan ölkə rəhbərinin ora səfərləri, həqiqətən bütün kəlbəcərlərin yüksək sevincə səbəb olub. Bu səfərdən bir neçə gün öncə də Kəlbəcər şəhərində tikinti quruculuq işlərinin sürətlənməsi, infrastrukturun layihələnməsi ilə əlaqədar olaraq 80 milyon vəsait ayrılmışdı. Ayrılan vəsait və bu səfərlər onu göstərir ki, keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaq" - deyən deputat dövlət başçısının Laçına səfəri və oradakı tədbirlərdə iştirakına da toxundu:

"Mehriban xanımın da doğum günündə Laçında müəyyən tədbirlərdə iştirakı, Azərbaycanı istəməyən qüvvələrə önəmli cavab idi, önəmli bir mesaj idi. Eyni zamanda Laçın Şəhəri Günü qeyd olundu. Bu səfəri yüksək dəyərləndirir və qiymətləndiririk. Dünyada bilirsiniz ki, yeraltı tunellər çoxdur, amma uzunluq baxımına görə deyərdim ki, Kəlbəcərdə tikilən tunel ən uzun tunellərdən biridir. Yəni müharibədən çıxmış bir ölkə, bütün öz vəsaiti, öz gücü hesabına bu işləri uğurla həyata keçirir. Bu da Azərbaycanın nə qədər qüdrətli bir dövlət olduğundan xəbər verir. Tək bu tikinti ilə yanaşı yox, eyni zamanda ordu quruculuğu istiqamətində aparalan işlər bütün ermənipərəstlərə, erməni siyasətinə, erməni ocağına benzin tökənlərə bir mesjdır.  Azərbaycan ordusu müharibədən çıxmağına baxmayaraq həm iqtisadi baxımdan ən güclü dövlətlərdən biridir, regionda söz sahibidir və eyni zamanda bu günləri Azərbaycan Ordusu 2020-ci ildə olduğundan qat-qat güclüdür. Bu da bizə əminlik yaradır ki, Azərbaycan öz suveren ərazisini qorumaq gücündədir, Azərbaycan lideri çox təmkinli, müdrik siyasət yürüdərək, döyüş işini davam etdirir və biz də ona uğurlar arzulayırıq. Həmişə də cənab Prezidentin siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşmişik".

Humay İSGƏNDƏRLİ