"Laçın sakinlərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunacaq" - Rayonun deputatı

 13:28 29.08.2023     742

"Azərbaycan torpaqları işğaldan azad etdikdən sonra həm Şərqi Zəngəzurda, həm Qarabağda sürətli tikinti, bərpa quruculuq proseslərinə başlayıb. Bu proseslər içərisində işğaldan azad olunan Laçın rayonunun şəhər mərkəzi və Zabuxun sürətlə inkişaf etməsi göz qarşısındadır".

Bu sözləri Prezident İlham Əliyevin Laçına səfəri haqqında Redaktor.az-a danışan Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə söylədi.

Milli vəkili bildirdi ki, cənab İlham Əliyevin və ölkənin birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Zabuxda 20 ailə ilə görüş olduqca yaddaqalan anlardan ibarət idi:

"Burada insanlar səmimi şəkildə möhtərəm cənab Prezidentə və ölkənin Birinci vitse-prezidentinə öz minnətdarlıqlarını və təşəkkür hisslərini bildirirdilər. 30 il müddətində məcburi köçkün həyatına məhkum olunmuş, ömrü günü yataqxanalarda, yarımçıq tikililərdə, bağçalarda, məktəblərdə keçmiş insanları öz doğma torpaqlarında görmək, eyni zamanda Azərbaycan Respublikası tərəfindən də onların bir zamanlar dağıdılmış evlərinin bərpa olunduğunu görmək, bütün infrastruktura cavab verən qəsəbənin tikintisini görmək olduqca qürurlu anlar idi. Mən düşünürəm ki, bu görüşlər zabuxluların yaddaşından heç vaxt silinməyəcək. Tarix durduqca cənab Prezidentlə və ölkənin birinci vitse-prezidenti ilə görüşlər hər bir Zabuxlunun xatirində olduqca yaxşı xatirələr kimi qalacaq. Azərbaycan dövləti bundan sonra da həm Laçında, həm Şərqi Zəngəzurda, həm Qarabağda sürətlə köçürülmə davam edəcək. Zabuxdan bu gün 20 ailənin əgər köçməsini biz həll edə bilmişiksə, təxminən qarşıdakı aylarda Zabuxdan olan 223 ailənin hamısının öz ata-baba yurdlarına köçürülməsi təmin olunacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad olunan rayonlarda şəhər günləri təsis edilibdir. Bu şəhər günləri içərisində avqust ayının 26-da Laçın rayonunda Şəhər Günü kimi qeyd edildi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun və prezidentin Laçın rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Həkəri çayı sahilində Şəhər Günü formatı laçınlıların qəlbində həmişə əbədi qalacaqdır. Buradan səslənən Azərbaycan musiqisi sanki 30 il müddətində məcburi köçkün düşmüş laçınlıların ümidlərinin nə dərəcədə doğru olduğunu bir daha ortaya qoydu. Cənab Prezidentin burada çıxışı zamanı verdiyi mesajlar həm Laçının və yaxud Şərqi Zəngəzurun və yaxud Qarabağın gələcəkdə qurulub istifadəyə verilməsi, inkişafı ilə bağlı çıxışları insanda qürur yaradır".

Deputat dedi ki, təhlükəsizliklə bağlı dövlət başcısının əminliklə verdiyi mesajlar insanların bundan sonra azad və doğma Laçında insanların şad, firavan yaşaya biləcəklərini sübut edir.

"Onlar müzəffər xalqın nümayəndəsi kimi yaşaya biləcəklər. Bundan sonrakı müddətdə də həm bütövlükdə Şərqi Zəngəzurda, həm Laçında təhlükəsizlik ən yüksək səviyyədə Azərbaycan dövləti tərəfindən təmin olunacaqdır. Mən inanıram ki, bundan sonrakı müddətdə də dövlətimizin maliyyə, iqtisadi gücü nəticəsində Laçın rayonunda bərpa quruculuq prosesləri sürətlə davam edəcək və uzun müddət məcburi köçkün düşmüş bütün məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq azad, firavan həyatlarını davam etdirəcəklər", - deyə Mahir Abbaszadə vurğuladı.

Humay İSGƏNDƏRLİ