“Qarabağ”a görə “Gənclik”də iş rejimi dəyişdirilir

 10:04 30.08.2023     204

Avqustun 31-də Bakı metropoliteninin “Gənclik” stansiyasında “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada matçın başlanması ərəfəsində iş rejimi gücləndiriləcək.

Bildirilib ki, sərnişinlərin oyun qurtardıqdan sonra da mənzil başına təhlükəsiz və rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq:

“Bununla qatarların hərəkəti intensivləşdiriləcək. Qatarların hərəkəti qrafiki isə gün ərzində yay iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.

Bakı metropoliteninin “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək”.