Bakıda Türk şəhidliyi ziyarət edildi

 10:48 30.08.2023     231

Bakıda Türkiyənin milli bayramı 30 Avqust Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bagçı, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirilib.

Səfir çıxış edərək bildirib ki, Zəfər Bayramı Türkiyənin həyatında olduqca əlamətdar hadisədir: “Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında bölüşdürülməsinin qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün mübarizə apardılar və böyük qurbanlar verdilər”.

Çıxışdan sonra məzarların önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, 30 Avqust Zəfər Bayramı - 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Baş komandanlıq meydan müharibəsi" sayılan “Büyük Taarruz”u bayrametmə günüdür. İşğalçı orduların ölkə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 Avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər Bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub, rəsmi olaraq isə 1936-cı ilin may ayında elan edilib.