"Azəriqaz" sayğaclarla bağlı yeni layihənin üstünlüklərini AÇIQLADI

 11:34 01.09.2023     309

"Artıq bir müddətdir ki, “Presight G42” şirkətinin və SOCAR “Azəriqaz” İstehsalat Birliyinin birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, “smart-ötürücü” qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisində pilot layihə həyata keçirilir". 

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR Azəriqaz istehsalat birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi.

O, dedi ki, pilot layihə əsasında sözügedən ərazidə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunacaq.

"Bununla da sayğacların üzərinə “smart-ötürücü”lər quraşdırılacaq. Layihənin tətbiqi birbaşa abonent məmnunluğunun təmin olunmasına xidmət edir. İnnovativ və texnoloji yeniliklərin tətbiq olunması SOCAR “Azəriqaz” İB olaraq bizim qarşımıza məqsəd kimi qoyulub. Sözügedən layihənin bir sıra üstünlükləri var. Bu yeniliyin tətbiqindən sonra ilin əvvəlində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarında da limitin yenilənməsi prosesi avtomatik həyata keçəcək. Belə ki, abonentlərlə birlik əməkdaşları arasında təmas minimuma endiriləcək, sərf olunmuş təbii qazın dəyəri artıq məsafədən hesablanacaq", - deyə şöbə rəisi qeyd etdi.

Həmidə İBRAHİMLİ