"Sentyabrın 15-i təkcə yeni tədris ilinin deyil, tıxac mövsümünün də başlanğıcıdır" - Ərşad Hüseynov
"Sentyabrın 15-i təkcə yeni tədris ilinin deyil, həm də şərti olaraq yeni tıxac mövsümünün də başlanğıcı sayıla bilər".
Redaktor.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.
Ekspert qeyd edib ki, həmin tarixə cəmi 10 gün qalır:
"Çoxumuzu düşünüdürür ki, görəsən bu il necə olacaq? Abşeron aqlomerasiyasının (Bakı şəhəri, ətraf kənd və qəsəbələr, Abşeron rayonu və Sumqayıt şəhəri) küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır:
1. Yollarda tıxac yaranmasını stimullaşdıran əsas amillərdən biri olan məskunlaşma ilə bağlı məsələ bir az da qəlizləşib. Yəni Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər də yəqin ki, azalmaz, əksinə artar. Xarici ölkələrdən Vətənə qayıdanlar da böyük ehtimalla artıb. Bunun qarşlığında yenə də əsas iş yerləri şəhərin daxilindədir. Periferiyalarda məktəb çatışmazlığı daha da qabarıq görünəcək, yəqin ki. Deməli, şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq.
2. Son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Deməli, küçələrə çıxacaq avtomobillərin sayı da artıb.
3. Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – “Xocəsən” istifadəyə verildi (buna da çox şükür). Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər də yerində qalır (onsuz da mümkün ən maksimum istismar şərtlərindən istifadə olunur).
4. Bakının və aqlomerasiyanın digər məntəqələrinin avtobus marşrutlarında isə geriləmə müşahidə edilir. Diqqət etsəniz, yollarda avtobusların azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır.
5. Son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib.
6. Sürüclərimiz və digər hərəkət iştirakçılarımız da elə keçən il bu vaxtlar olduqları kimi qalırlar. Hətta bir qədər pessimist olsa da, ola bilsin, geriləmə də var. Çünki yolda yol uğrunda amansız mübarizə aparan, başqalarına məhəl qoymayan, 200 metrlik məsafədə 5 dəfə zolaq dəyişən sürücülərin azalmasını müşahidə etmirik.
7. Bu məsələlərdə cüzi də olsa, bircə müsbət şey görünməkdədir. Bəzi parklanma yerlərində ödənişlərin tətbiqi Bakının mərkəzi hissəsində parklanmaların idarə edilməsində tədricən irəliləyişə səbəb olmaqdadır. Parklanmaların düzgün təşkili, idarə edilməsi və zəruri nəzarət olsa, bəzi yerlərdə qanunsuz parklanmadan irəli gələn sıxlıq və tıxaclar azala bilər.
Əsas amillərin siyahısını artırmaq da olar".
Onun sözlərinə görə qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək.
"Bu isə pessimistcəsinə bunu deməyə əsas verir ki, bu il daha ciddi tıxaclara şahid olacağımız gözlənilir. Təəssüf ki, illərdir, bu məsələlərə yetərincə diqqət ayrılmır. Bu il Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam oldu. Amma hələlik bu Şuradan xəbər yoxdur (əsasnaməsi də təsdiq edilməyib). Amma gecikirik, çox gecikmişik. Ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlirin həlli ilə ciddi məşğul olunmasa, hər növbəti il daha pis mənzərəyə şahid olmaqda davam edəcyik",-deyə ekspert sosial media hesabında yazıb.
Humay İSGƏNDƏRLİ