Ulu öndərin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalıb

 17:40 07.09.2023     618

Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricdə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər ilin sonunadək davam edəcək.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümumilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.

Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: "Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".

Hər il olduğu kimi bu il də respublikamızda dahi öndərin doğum gününə həsr olunmuş tədbirlər keçirilir. Ədliyyə Nazirliyinin böyük bir qrup əməkdaşı ümummilli liderin əziz xatirəsinə hörmət əlaməti olaraq Heydər Əliyev Fondunda şərəfli ömrünü bütünlükdə xalqımızın və dövlətimizin tərəqqisinə həsr etmiş görkəmli siyasi xadim Heydər Əliyevin mənalı həyatı və dövlətçilik fəaliyyətinə dair zəngin təəssürrat yaradan fotolar və eksponatlarla tanış olmuşlar.

Atakişi Əliyev,

Ağsu rayon Qeydiyyat şöbəsinin rəisi