Ölüm cəzasına bəraət qazandıranlar haqlıdırlarmı?

 19:04 12.09.2023     277

Filosoflar həmişə həyatın mənasını, dünyanın mahiyyəti və insanın mövqeyini anlamağa çalışıblar. Bir çox tanınmış filosoflar, o cümlədən Immanuel Kant və Albert Camus, Yaponiya kimi bir çox ölkədə uzun müddət tətbiq olunan ölüm cəzası ilə bağlı ədaləti şərh etdilər.

Qərb fəlsəfəsinin tanınmış nümayəndələrindən biri olan İmmanuel Kant ölüm cəzasının tərəfdarı idi. O, öz mövqeyini bərabərlik prinsipi üzərində qurmuşdur. Yəni başqasına nə etsəniz, sizin də başınıza gələcək. Kant bu fikirdə idi ki, ciddi qanun pozuntuları törədənlərə ölüm cəzası verilməlidir.

İtalyan hüquq filosofu Çezare Bekkariya ölüm cəzasını aktual hesab etməmiş və qəti şəkildə rədd etmişdir. Bekkariya bu ağır cəzanın xalqa qarşı çəkindirici təsirini vurğuladı, lakin bunun, siyasi baxımdan qəbuledilməz olduğunu bildirmişdir. Əgər bu cəza əhaliyə çəkindirici və uzunmüddətli təsir göstərmək istəyirsə, tez-tez və qısa fasilələrlə həyata keçirilməlidir. O qeyd edirdi ki, cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir.

Elmə məlum olan bütün arqumentlər təsdiq edir ki, cəzanın sətləşdirilməsi heç bir halda cinayət hadisələrinin qarşısını almağa xidmət etmir. Ölüm cəzasına gəldikdə isə öldürmək heç zaman ədalətli olmayıb, hətta bu, dövlət tərəfindən həyata keçirilsə belə. Adamöldürməni qanunvericilikdə qadağan edən istənilən dövlətin, eyni zamanda, öldürməyə üstünlük verməsi qəbuledilməzdir. Başadüşüləndir ki, uşaqları amansızlıqla, işgəncələrlə öldürən və yaxud zorlayan qəddar cinayətkarın islah olunması mümkün deyil və onun cəmiyyətdən birdəfəlik təcrid olunması daha çox aruolunandır. Amma bu nəyisə dəyişirmi? Təbii ki, dəyişmir və dəyişməyəcək də. Sadəcə insanların qisasçılıq hissinin təmin olunmasına xidmət edir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində hər kəsə yaşamaq hüququ verilir və deyilir: “Heç kəs işgəncəyə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qala bilməz”. Ölüm cəzası bu əsas insan hüquqlarını pozur. Ölüm cəzasının heç bir “insani” forması yoxdur. Hər bir edam üsulunun yalnız bir məqsədi var: insan həyatını məhv etmək. Statisitik məlumatlardan görünür ki, 1976-cı ildə Kanadada ölüm hökmünün ləğvi adamöldürmə hallarının artmasına səbəb olmayıb. 2001-ci ildə Kanadada qətllərin sayı 554 olmuşdur. Ölüm cəzasının ləğvindən bir il əvvəl, 1975-ci ildə isə 721 olmuşdur. Göründüyü kimi 23% azalma müşahidə olunur.

Ölüm cəzasının əleyhinə olanların arqumentləri belədir:

- İnsanlar öz əməllərinə görə məsuliyyət daşımadan dəfələrlə edam edilirlər. Günahsızlar da qatillər kimi edam edilir.

- Bu cəzalara nəzarət edən həkimlər Hippokrat andını pozmalı və cəmiyyətdə damğalanmalıdırlar.

- Əgər qatillər dövlət tərəfindən öldürülürsə, o zaman dövlət cinayətkarların özlərindən üstün deyil.

- Başqasının ölümü və həyatına qərar vermək insanın işi deyil.

- Ölüm cəzası günahkarları uzunmüddətli həbs cəzasından və həmçinin cinayətləri ilə barışmaq məcburiyyətindən qoruyur. Bu proses tez-tez sürətli ölümdən daha ağrılıdır.

- Qurbanların ailələri dəfələrlə iddia edirlər ki, qurbanların özləri bu cəzanı istəməyiblər. Çünki bu cəzanı dövlət verir, ölənlərin istəyinə əməl olunmur.

- Cinayətkar öləndə onun qurbanları artıq həyata qayıtmır.

- Cinayətkar sağ qalsa, qurbanların ailələri yaxınlarının ölümü ilə məşğul olmağa və cinayətkarı sorğu-sual etməyə və beləliklə, cavablar almağa vaxt tapırlar.

İnsanların niyə qatil olduqları aydınlaşdığı kimi, cinayəti törədənləri elmi şəkildə sorğu-sual etmək və onların motivlərini öyrənmək olar. Bu isə digər insanları qoruya bilər.

Nəhayət, əldə etdiyimiz nəticə bundan ibarət oldu ki, cəzanın sərtləşməsi ilə cinayətlərin qarşısını almaq mümkün deyil. Ən təhlükəli cinayətkarı belə, ölüm cəzasına məhkum etməklə başqasını çəkindirmək mümkünsüzdür. Nə gözəl ki, ölkəmizdə ölüm cəzası ləğv olunmuş və beynəlxalq öhdəliklər yerinə yetirilmişdir.

Əlövsət ALLAHVERDİYEV,

Hüquqşünas