Özbəkistanda Şuşaya dair poçt markası buraxıldı - FOTO

 10:53 13.09.2023     222

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü ilin digər əhəmiyyətli hadisəsi – Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Özbəkistanda Şuşaya həsr olunmuş xüsusi xatirə poçt markasının buraxılması layihəsini həyata keçirib.

Redaktor.az xəbər verir ki, "Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti" adlı poçt markasının buraxılışı layihəsinə Özbəkistanın müvafiq dövlət qurumları dəstək göstərmiş, markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.

Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya şöhrətli mütəfəkkirlər, şairlər, tanınmış Şuşalılar, milli musiqi alətlərimiz (qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən ştrixlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin  simvolu olan «Xarıbülbül» çiçəyinin rəsmi öz əksini tapmışdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Beynəlxalq Türk Mədəniyyəti və irsi Fondu, hər iki ölkənin Mədəniyyət Nazirliklərinin dəstəyi ilə birgə Özbəkistanda Şuşa günləri tədbirləri keçirilmiş, Vikipediyada Şuşaya dair özbək dilində bölmələr yaradılmış, Qarabağa - Şuşaya Özbəkistan KİV nümayəndələrinin media-turlar təşkil edilmiş, yaxın zamanda isə şəhərə dair bir neçə aparıcı dildə ensiklopedik nəşr də çap ediləcəkdir. Verilən məlumatda sözügedən layihələrin ilin sonuna qədər davam edəcəyi də vurğulanır.

Qeyd edək ki, «Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı» adlı  poçt markası xatirə üçün Özbəkistan və Azərbaycan muzeyləri, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, poçt markasının Daşkənddə və Bakıda təqdimat mərasimləri də keçiriləcəkdir.

2