Tanınmış həkimdən bu xəstəliklərə yoluxmamaq üçün vacib MƏSLƏHƏTLƏR

 15:35 15.09.2023     646

Hər il fəsil dəyişikliyi zamanı mövsümi xəstəliklərə yoluxma sayı artır. Hazırda Avropada koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

Avropadakı yoluxma sayının ölkəmizə hansı yan təsirləri ola bilər? Ümumiyyətlə fəsil dəyişikliyinə görə koronavirusa yoluxma sayı arta bilərmi?

Mövzu ilə bağlı həkim-terapevt Sübhan Hacıyev Redaktor.az-a danışdı.

Həkim dedi ki, payız və qış aylarında, soyuq mövsümlərdə kəskin respirator virus infeksiyaların hava damcı yolu ilə yuxarı və aşağı tənəffüs yolu xəstəliklərinin yayılmasını müşahidə edirik:

"Koronavirus da istisna deyil. Əvvəllər biz qripin A bə B tip ştammlarını görürdüksə hazırda koronavirusu da çox görməkdəyik. Bununla əlaqəlidir ki, insanlarımız yay mövsümündə xaricdə olan zaman bir çox insanlarla təmasda olurlar. Hal-hazırda yoxlama olmadığı üçün də çox rahatçılıqla hava-damcı yolu ilə tənəffüs yolu infeksiyalarına yoluxa bilirlər. Amma bu, o demək deyil ki, bu epidemiya və pandemiya halına gəlib çıxacaq. Burada özlərini qorumalı olan risk qrupunda olan insanlarımız: xroniki ürək damar xəstəlikləri olan, şəkərli diabet, qaraciyər, böyrək xəstəlikləri olan insanlardır ki, onlarda nəinki virus infeksiyaları, digər bütün infeksiyaların gedişatını kəskin şəkildə ağırlaşmış olaraq görürük. Bu insanlar hər zaman risk qrupunda olduğu üçün bunların vaksinasiyalaşması, immunitetinin hər zaman daha güclü saxlanılması önəmlidir".

S.Hacıyev bununla yanaşı qeyd etdi ki, təbii üsullarla özümüzü qoruya biləcəyimiz mühit, insanlarımızın şəxsi gigiyenaya daha çox riayət etməsi ilə bağlıdır.

"Əllərin tez-tez antibakterial sabunlarla yuyulması, üstəgəl tənəffüs yolu və burun və ağız boşluqlarının duzlu məhlullarla antiseptiklərlə təmizlənməsi, soyuq qış aylarında, xüsusilə də vitamin D, vitamin C, sink, selen kimi mikroelementlərdən istifadə olunması immun sistemimizi gücləndirməsinə gətirib çıxara bilər. Doğru düzgün yuxu rejiminə və idmana vaxt ayrılması, bol maye içilməsi, mövsümə uyğun meyvələrin, tərəvəzlərin və qidaların qəbul olunması təbii şəraitdə immun sistemimizi gücləndirəcək", - deyə həkim bildirdi.

Humay İSGƏNDƏRLİ