Ekoloji siyasətin daha bir uğuru

 12:54 19.09.2023     565

Biz istəyirik ki, milli parkların sayı çoxalsın. Bu, indiki və gələcək nəsillər üçün layiqli töhfə olacaqdır.

İlham Əliyev

Bu  günlərdə  doğma  respublikaya  şad  xəbər  gəlmişdir. Azərbaycanın qədim  Hirkan  meşələri  relikt  və  endemik  zənginliyinə  və  landşaftına  görə  UNESKO-nun  Ümumdünya  İrs  Siyahısına  daxil  edilib. Bu  barədə  qərar  UNESKO-nun Ümumdünya  İrs  Komitəsinin  Səudiyyə  Ərəbistanının  Ər-Riyad  şəhərində  keçirilən  45-ci  sessiyasında qəbul  olunub. Xəzər  dənizinin cənub-qərb  və  cənub  sahillərini  əhatə  edən  unikal  meşə  massivvi  və  planetimizdə  öz unikallığını  qoruyub  saxlayan  nadir  ekosistemlərdən  biri  olan  Hirkan  Milli  Parkı ölkəmizin UNESKO-nun  Ümumdünya  İrs  Siyahısına  daxil  edilən    ilk  təbiət  ərazisidir.  Təbii  ki, bu, təkcə  ekoloqlarımızın, təbiətsevərlərimizin  deyil, bütün  xalqımızın  bayramıdır.

Tarixi  qaynaqlar  göstərir  ki, Lənkəran  həmişə öz  əsrarəngiz  təbiəti  ilə səyyahların, qonaqların, tarixçilərin, ekoloqların  diqqətini  cəlb  edib.  Bu, hər  şeydən  öncə  onun  əlverişli  coğrafi  mövqeyindən  və  iqlim  şəraitindən  irəli  gəlib.  Axı  bu  yerlərdə  necə  deyərlər, təbiət  öz  səxavət  süfrəsini  açanda  xəsislik  etməyib, əsrarəngiz  gözəlliklərlə  bərabər  bu  torpağa  bol-bol  nemətlər, zəngin  təbii  sərvətlər  bəxş  edib.  Əsrlərin  şahidi  qocaman  Talış  dağları  bu  diyarın  qədimliyinin  əsas  göstəricisidir.  Hələ  mavi  Xəzər!  Bürkülü  yay  günlərində  onun  lacivərd  sularına    baş  vurmaq, qızıl  qumlu  sahillərdə  gəzib  dolaşmaq, günəş  vannası  qəbul  etmək  kimin  ürəyindən  keçməz.  Hansı  xarici  qonaq, hansı  turist  təbii  kondisioner  kimi  sərinlik  yayan, bu  torpağın  simvoluna  çevrilən  və  dünyanın  heç  bir  yerində  təsadüf  olunmayan  ağacların  şahı  Dəmirağacının, şabalıdyarpaq  palıdın, Lənkəran  akasiyasının, Lənkəran  palıdının, Hirkan  ağcaqayının, Hirkan  şümşadının, müxtəlif  nadir  heyvanların, zəngin  bitki  örtüyünün  məskəni  olan  qədim  Hirkan  meşələrinin  qoynuna  tələsməz...

Sevindiricidir  ki, ölkəmizdə  ilk  təbiət  abidəsinin  UNESKO-nun  Ümumdünya  İrs  Siyahısına  daxil edilməsi  “Heydər  Əliyev  ili”nə  təsadüf  edir.  Məlum  olduğu  kimi  Hirkan  meşələrinin  ayrıca  təbiət  qoruğu  kimi  yaradılması  məhz  ulu  öndərin  adı  ilə  bağlıdır. Sonralar  bu  diqqət  və  qayğı  möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  ekoloji  siyasəti  ilə  davam  etdirildi.  İndi  qədim  Hirkan  meşələrinin  UNESKO-nun  Ümumdünya  İrs  Siyahısına  daxil  edilməsi  ölkə  başçısı  cənab  İlham  Əliyevin  və  Birinci  vitse-Prezident  Mehriban  xanım  Əliyevanın  ekoloji  sahədə  illər  boyu  apardıqları  məqsədyönlü  fəaliyyətinin  məntiqi  nəticədir. 

Bu gün Azərbaycan təbiətinin özü,  xüsusilə  meşələrimiz, çaylarımız, qoruqlarımız, parklarımız dünyanın ekoloji möcüzələridir. Xarici səyyahlar, turizm, müalicə və digər məqsədlərlə respublikamıza gələnlər bu yerlərin heyrətamiz  təbiətə  malik olduğunu etiraf ediblər. Fransız yazıçısı və səyyahı Aleksandr Dumanın əsərlərində Azərbaycan, onun füsunkar təbiəti, insanları böyük məhəbbətlə tərənnüm olunur, flora və faunamızın zənginliyi, can dərmanı olan bitkilər təbliğ edilir, bu diyarın bənzərsizliyi göstərilir. Bunu  bütün  ekoloji  parametrlərlə  Hirkan  Milli  Parkının  timsalında  görmək  mümkündür.

Azərbaycanda ümumi sahəsi 893 min hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir. O cümlədən milli parklar 4,87, dövlət təbiət qoruqları 1,39, dövlət təbiət yasaqlıqları isə 4,05 faizdir. Onlardan biri də  Hikran Milli Parkıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 9 fevral 2004-cü il 81 saylı sərəncamı ilə parkın ərazisi genişləndirilərək 21435 hektara çatdırılmışdır. Sonralar parkın ərazisi 2 dəfə artırılmış, 40358 hektar olmuşdur.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsini davam etdirir. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi genişləndirilərək 3.7 faizdən 10,3 faizə çatdırılmışdır. Bu da ölkə ərazisini, 893 min hektarını təşkil edir. Belə ərazilərin sahəsinin daha da genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Hirkan Milli Parkı da  həmişə  Dövlət qayğısı ilə əhatə olunub. Parkın relikt və endemik bitkilərinin, heyvanat aləminin, zəngin bitki örtüyünün mühafizəsi ilə əlaqədar son illərdə xeyli  iş  görülüb...

Hirkan Milli Parkı, Talış dağları və meşələri haqqında danışarkən Akademik Həsən Əliyevin 1957-ci illərdən başlayaraq bu sahədə tədqiqatlarına nəzər salmaq kifayətdir.  Keçmiş SSRİ-nin tanınmış təbiət alimləri ilə bu yerlərdə qonaq olan, geniş tədqiqatlar aparan akademik XVII əsrin əvvəllərində bura səfər edən Almaniyanın Rusiyadakı səfiri Adam Olerinin Muğan səhrası, keçilməz Lənkəran meşələri, Talış dağları barədəki məlumatlarını təqdir edir. Müəllif yazır ki, buranın füsunkarlığını görmədən, oranı təsəvvür etmək çətindir. Bura elə «cənnət bağı»nın  özüdür.

Hirkan meşələrini  bir  botanika  bağına və  zooloji  parka  çevirməyi  təklif  edən akademik Həsən  Əliyev  bu  yerlərin  gələcəyinə böyük   inam  bəsləyirdi. Axı  dünya  şöhrətli  alim  təbiət  sərrafı  idi.  O, bu  zəngin  təbiətin  yüksək  meyarını  təyin  edə  bilirdi. Dünya  şöhrətli  alimimiz  bu  sahədə  çox  həssas  idi  və  elmi  araşdırmalara, apardığı  çoxsaylı  tədqiqatlara, müşahidələrinə  əsaslanaraq  rəyini  bildirərək  deyirdi ki,  Talış  meşələri  dünyada  tayı-bərabəri  olmayan  flora  və  faunaya  malikdir, dünyada  nadirin  nadiridir  və  bunu  qoruyub  artırmaq  yerli  sakinlərin, dövlətin borcudur.

Hirkan Dövlət Qoruğu 888 hektar sahədə 1936 – cı il dekbar ayının 8 – də ilk dəfə olaraq Lənkəran Qoruğu adı ilə yaradılıb, sonradan onun sahəsi 15 min hektara qədər artırılıb. 1961 – ci ildə o, Qızılağac Dövlət Qoruğunun filialına çevrilib. 1969 – cu ildə isə həmin filial Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Hirkan Dövlət Qoruğu müstəqil qoruq elan edilib.

Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 1969-cü ildə Hirkan Dövlət Qoruğu yaradıldı. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Hirkan Milli Parkının təsbit edilməsi bu yerlərin təbiətinə Ulu öndərin qayğı və diqqətinin davamı oldu. Hirkan Milli Parkının ərazisinin iki dəfə artırılması üçün planlı işlər görülmüş və həyata keçirilmişdir. Geniş sahəsinə, hər qarış torpağa düşən bitkinin zənginliyinə görə üstün olan Hirkanın özünün ətraf mühitə, təbiətə böyük təsiri var. Burada hər ağac, hər kol can dərmanıdır. Cənub bölgəsinin bu zəngin parkı şəfa qaynağıdır. Azərbaycan təbiətşünasları dəfələrlə Hirkanın təbii gözəliklərindən savayı, onun bitkilərinin min bir dərdin dərmanı olduğunu sübut ediblər. Onlardan biri- Seyid Əli Kazımbəyov “Səidiyyə” əsərinda yazır ki, “taun və vəba xəstəlikıəri bütün ətrafı-Ərdəbil, Rəşt, Qarabağ, Şirvan və qeyri yerləri tutduğu halda Talışa sirayət etmədi”. Məlum olmuşdur ki, dünyanın müxtəlif yerlərində baş verən xəstəliklərin əli bu füsunkar diyara çatmır. Səbəbi nədir? Təqiqatlar nəticəsində bəlli olmuşdur ki, bu yerlərdə bitkilərin biomüxtəlifliyi, yüzlərlə ağac və kolun təbii dərman mənbəyi olması, landşaftın özündə ayrı-ayrı xəstəliklərə qarşı müvazinətin güclü olması və s. əlamətlərdir.

Milli Park flora və faunası ilə zəngindir. Buradakı ağacların əksəriyyətində Hirkan adı çəkilməsi fərdi xüsusiyyət daşıyır, bunların ancaq adı çəkilən əraziyə mənsubluğunu təsdiq edir. Hirkan ağcaqayını, Hirkan armudu, Hirkan ənciri, Hirkan bikəvəri, Hirkan şümşadı və daha onlarca bu ünvanlı ağac və gül kolu... dəmirağac, şabalıdyarpaq palıd, yarpaqvarı qızılağac, qanadmeyvə, yalanqoz... Bütün bunlar qiymətli, nadir ağaclardır və bunlardan hazırlanan qiymətli əşyalar dünyanın məşhur muzeylərində indi də saxlanılır.

Bəs Milli Parkın heyvanat aləmi? Xallı maral, cüyür, çöl donuzu, bəbir, oxlu kirpi, porsuq, dələ, Hirkan arıquşu... Adlarını çəkdiyimiz heyvanat növləri də məhz Hirkan Milli Parkında yaşayır və bu yerlərin zəngin iqliminə uyğunlaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevi  Hirkan  təbiət  abidəsinin  UNESKO-nun  İrs  siyahısına  daxil  edilməsi  ilə  əlaqədar  gördükləri  işlərdən  danışaraq  dedi: - Hirkan meşələrinin YUNESKO – nun Ümumdünya irs siyahısına daxil edilməsi ilə əlaqədar ötən müddət ərzində onlayn formatda bir çox işçi görüşləri keçirilib. Görüşlərdə yerli ekspertlərlə yanaşı nominasiya sənədinin hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edib. Sonralar müəyyən səbəblər üzündən nominasiya təklifləri barədə qərarın qəbul edilməsi qeyri – müəyyən vaxta təxirə salınıb.

Məlum olduğu kimi ölkəmizin ərazisində geoparkların yaradılması və qlobal geoparklar şəbəkəsinə qoşulmasına dair işlər davamlı şəkildə aparılır. “Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri haqqında” Azərbaycan Respublikasının qanununda müvafiq dəyişikliklər edilib, “Azərbaycan Respublikasının geoloji parkların ümumi əsasnaməsi” təsdiq olunub.

2022-ci ilin fevral ayında YUNESKO-nun maliyyə dəstəyi ilə “Gələcək sizin əlinizdədir: gənc ekoloqların bacarığını artırmaq” layihəsi çərçivəsində Hirkan MP-nın və palçıq vulkanları əsasında yaradılacaq geoparkın tanıtımı ilə bağlı tədbir həyata keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, QHT-lərin, media və yerli icmaların nümayəndələrinin, eləcə də, könüllülərin iştirakı təmin edilib, KİV-də geniş təbliğatı işlər həyata keçirilib...

Təbiət nə qədər zəngin olarsa, bir o qədər insanın zövqünə, yaxşı mənada sağlamlığına nüfuz edər. Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqqəddəs borcudur. Əhali ilə aparılan maarifləndirici tədbirlər də təbii ki, bu  sahədə  öz səmərəsini verir. Respublikanın milli parklarının, qoruq və yasaqlıqların fauna və florası qayğı ilə qorunur. Bu mühüm işdə indi bütün kollektivlər məsuliyyət daşıyır. Demək olar ki, Xüsusi Mühafizə olunan Təbiət Ərazilərində hərə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.

1 saylı  Regional  ETSİ-nin  rəisi, təcrübəli  ekoloq  Ceyhun  Hüseynov  Hirkan  meşələrinin  UNESKO-nun  İrs  siyahısına  salınması  ilə  əlaqədar  sevincini  bizimlə  bölüşərək  dedi:

- Təbiətin varlığı, onun bütün sərvətləri hamımız üçündür. Odur ki, insanın şüuruna, düşüncəsinə təsir göstərmək, onda təbiətə vurğunluq hissi oyatmaq borcumuzdur. Respublikamızda da həmin vəzifələr ayrı-ayrı müvafiq təşkilatlar və təbiəti sevən insanlar tərəfindən həyata keçirilir. Təbii  ki, bu  da  öz  müsbət  nəticəsini  göstərir. Elə Hirkan  meşə  massivinin  UNESKO-nun  Ümumdünya  İrs  sıyahısına  salınması  ölkəmizin  ekoloji  həyatında  mühüm  hadisədir. Bu  hadisə  hamımızı  sevindirir. Axı, bu, hər  şeydən  əvvəl  ölkə  başçısı  cənab  İlham  Əliyevin  uğurlu  ekoloji  siyasətinin  mühüm  töhfəsidir...

Vətən təbiətdən başlanır. Ölkəmizin təbiəti isə öz zənginliyi, rəngarəngliyi, biomüxtəlifliyi baxımından fərqlidir. Başqa sözlə desək, meşələrimiz, parklarımız bütün dünya  ekoloqlarının  diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət ərazilərimiz canlı muzey təsiri bağışlayır. Bu baxımdan Hirkan Milli Parkı dövlət xadimlərinin, rəsmi şəxslərin, alimlərin, səyyahların və turistlərin ən çox ziyarət etdikləri məkana çevrilib. Belə olan halda təbiətimizin incisi sayılan qədim Hirkan meşələrini qorumaq həmişəkindən daha vacibdir. Bu, təkcə dövlətin işi deyil, ümumxalq işidir. Hamımız bizə həyat bəxş edən təbiətə əsl övlad sevgisi bəsləməli, onun qayğısına qalmalı və təbii sərvətlərin zənginləşməsinə öz,töhfəmizi verməliyik. Təbii ki, nəsillər bir – birini əvəz edir. Yaşından asılı olmayaraq hər kəsin təbiətə öz yanaşması var. Gənclər təbiətin mühafizə işinə daha çox cəlb edilməli, onlara ana məhəbbətə sevgi hissləri aşılanmalıdır. Bir sözlə ata – babalarımızdan əmanət kimi qəbul etdiyimiz təbiəti biz də daha zənginləşmiş halda nəsillərə ötürməliyik!

Hirkan  meşələrinin  UNESKO-nun  Ümumdünya  İrs  Siyahısına  daxil  edilməsi  bizə  qürur  hissi  yaşatmaqla  bərabər, eyni  zamanda  təbiətimizin  flora  və  faunasının  zənginliyini  qorumaq  baxımından məsuliyyətimizi  qat-qat  artırır...

Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı – ekoloq.

22222