“Traktordan yerə düşsəm də, ermənilər atəşi davam etdirdilər” - FOTO

 14:49 20.09.2023     334

“Ağdam şəhərində bərpa işləri aparan şirkətdə çalışıram. Ötən gün ermənilər işlədiyim texnikanı top mərmisi ilə atəş tutdular. Nəticədə qəlpə yaraları aldım”.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri ötən gün Ermənistanın terroru nəticəsində yaralanan Ağdam rayonunun Baş Qərvənd kəndinin sakini Mehman Həsənov deyib.

“Bir müddətdir ki işğaldan azad edilmiş Ağdam şəhərində quruculuq işləri ilə məşğul olurdum. Ötən gün çalışan zaman qəflətən traktorun silkələnməsini hiss etdim. Texnikanı saxladım və aşağı düşmək istəyəndə ayağımda uyuşma hiss etdim”, - deyə o qeyd edib.

M.Həsənov traktordan yerə düşsə də, ermənilərin atəşi davam etdirdiyini bildirib: “Qolumdan da yaralandım və daha sonra nələrin baş verdiyindən xəbərim olmadı”.

Qeyd edək ki, M.Həsənov Ağdam Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.