"Qarabağda yaşayan ermənilərin hamısı separatçı deyil" - Deputat

 16:31 22.09.2023     4787

Bildiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü göndərib.

Azərbaycanın növbəti humanist addımı ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

O, söylədi ki, bu addımlarla Azərbaycan xalqı növbəti dəfə nə qədər böyük ürəyə sahib olduğunu, nə qədər böyük xalq olduğunu bir daha nümayiş etdirir.

"Əslində, bütün dünya dövlətləri, bütün dünya buna görə Azərbaycana minnətdar olmalıdır ki, bütün təxribatlara, bütün müsibətlərə, faciələrə baxmayaraq, Azərbaycan öz insanlığını itirmədi, böyüklük nümayiş etdirərək bu addımı atdı. İnsanlarımız da bunu normal qarşılamalıdır. Çünki heç də Qarabağda yaşayan bütün ermənilərin hamısı separatçılar deyillər. Onlar bizim vətəndaşlarımızdır və eyni zamanda, bu gün müasir dünyamızın çağırışları da, bölgədə və dünyadakı vəziyyət də bunu bizdən tələb edir. Yəni bu gün Ermənistan davamlı olaraq xaricdə bir təbliğat aparır ki, guya Azərbaycan soyqırım törədir, guya Azərbaycan erməniləri qırır, guya Azərbaycan xalqı vəhşi xalqdır. Amma biz bütün bu işlərimizlə bunların hamısını puç etdik. Təəssüf ki, xarici mediada Ermənistan müxtəlif yalan məlumatlar, şəkillər yayaraq dünya ictimaiyyətini çaşdırmağa çalışır, onların fikirlərinə təsir etməyə çalışır. Amma biz bu addımımızla, bu məsələlərin də qarşısını çox ciddi qətiyyətlə aldıq. Bu gün bütün dünya Azərbaycanın növbəti dəfə tolerantlığının, xoş görüşünün, digər xalqlara necə hörmətlə yanaşdığını şahidi olur. O mənada bunu normal, yaxşı qəbul etmək lazımdır. Qeyd etdiyim kimi düzgün bir siyasət, uğurlu bir siyasət həyata keçirdiyimizi də növbəti dəfə nümayiş etdirmiş olduq", - deyə C.Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ