"Yaxın gələcəkdə Tərtər-Ağdərə-Kəlbəcər yolunun da açılışı olacaq" - Deputat

 19:01 22.09.2023     1131

"19 sentyabr tarixində Ali Baş Komandanın tapşırığı əsasında Azərbaycan ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu tədbirlər də bildiyiniz kimi, qaçılmaz idi. Çünki Azərbaycan tərəfi bu üç il müddətində Ermənistana həmişə sülh əli uzatdı, şərtlərini dedi. Ancaq bu müddət ərzində onlar bunların heç birinə məhəl qoymadı".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirdi.

Kəlbəcərdən olan deputat söylədi ki, 44 günlük Vətən müharibəsindən bu günə kimi olan müddətdə istər Qarabağ bölgəsində yerləşən qeyri-qanuni silahlı birləşmələr tərəfindən, istər Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ordusunun yerləşdiyi ərazilər tez-tez atəşə tutuldu, terror hadisələri törədildi:

"Son zamanlar bu hadisələr intensivləşdi və bildiyimiz kimi təmizlənmiş ərazilərə separatçı rejimin silahlı dəstələri keçərək orada yeni minalar basdırdılar. O minalar son dövrlərdə Ermənistanda istehsal olunmuş minalardı. Bunu artıq sübut ediblər. İki mülki şəxsin, dörd polisin şəhid olması və s. artıq Azərbaycanı məcbur etdi ki, lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə başlanılsın. Ermənistan tərəfi və orada yerləşən qeyri-qanuni silahlı birləşmələr, separatçı rejim Azərbaycanı bu addımı atmağa məcbur etdi. 23 saat ərzində ordumuzun dəqiq və peşəkar hazırlığı nəticəsində onların hərbi hissələrinin yerləşdiyi atəş nöqtələri dərhal susduruldular. Antiterror tədbirlərindən öncə də orada yaşayan dinc əhalinin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar artıq tədbirlər həyata keçirilmişdi ki, onlar ziyan çəkməsin və lazımi xəbərdarlıq istər SMS vasitəsilə, istər yazılı şəkildə edilmişdi. Bu 23 saat müddətində peşəkar ordumuz öz gücünü, öz yumruğunu yenə də göstərdi və yenə də 2020-ci ildə olduğu kimi dizlərini yerə qoydular və ağ bayraq qaldırdılar, Azərbaycanın şərtlərini qəbul etdilər və tərksilha olmağa hazır olduqlarını bildirdilər. Qarabağda yaşayan erməni icmasının nümayəndəsi də Azərbaycan tərəflə danışıqlar aparmasına razılıqlarını qeyd etdilər və buna görə də Azərbaycan tərəfi antiterror tədbirini dayandırdı. Erməni icmasının nümayəndələri də Yevlaxa gəldi, söhbət apardı, hansı ki, onlar bildiyimiz kimi humanitar şou yaratmışdılar, amma gələn kimi də artıq Azərbaycan tərəfindən yardım işləməyə başladılar.  Azərbaycan tərəfi də bunu nəzərə alacaq, orada lazımi humanitar dəstəklərini həyata keçirəcək".

A.Məmmədov son antiterror əməliyyatından sonra Tərtər-Kəlbəcər yoluna ordumuzun nəzarət etməsi barədə də danışı. Onun sözlərinə görə, Kəlbəcərin əsas magistral yolu Tərtər-Ağdərə-Kəlbəcər yolu olub.

"Keçirilən bu əməliyyatlar nəticəsində separatçı rejimin silahlı birləşmələri, qeyri-qanuni silahlı birləşmələrin özləri etiraf etdilər ki, artıq tərksilah oluruq. Bundan sonra təbii ki, belə qəbul etmək olar ki, Azərbaycan ərazilərində suveren hüquqlarını artıq bərpa edir. Bu suveren hüquqları da bərpa edildikdən sonra təbii ki, o yollardan da gələcəkdə istifadə olunacaq. Yaxın gələcəkdə Tərtər-Ağdərə-Kəlbəcər yolunun da açılışı olacaq və oradan sərbəst istifadə etmək mümkün olacaq. Bu bizim öz daxilimizdə olan, Azərbaycanın ərazisi daxilində olan bir məsələdir. Yaxın gələcəkdə yoldan istifadə edilə biləcək. O torpaqlarda da Azərbaycan öz qanunlarına uyğun olaraq strukturu bərpa edəcək və o bölgələrə lazımı dəstək də göstəriləcək. Çünki cənab Prezident də vurğuladı ki, digər işğaldan azad olunmuş bölgələrdə aparılan tikinti quruculuq işləri o ərazilərdə də həyata keçiriləcək. Erməni əsilli şəxslərin sosial rifahının təmin olunması, təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan dövləti öz üzərinə götürdüyü bütün öhdəlikləri də yüksək səviyyədə yerinə yetirəcək. Əgər təkrarən başqa fikrə düşərlərsə, Azərbaycan tərəf növbəti güzəşt etməyəcək, çox kəskin şəkildə onları cavablandıracaq. Bu gün Azərbaycan tərəfi sülh sazişinin bağlanmasına həmişə olduğu kimi hazırdır və güman edirəm ki, Ermənistan tərəfi də bunu anlayacaq və gecikmədən iki ölkə arasında olan xırda problemlər həllini tapıb, sülh sazişinə imza atılacaqdır. Bu da Cənubi Qafqazın gələcək inkişafına, insanların rahat yaşamasına xidmət göstərəcək", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusunda dərc olunub.

 

2